Azərbaycan İdeyası

Solmaz Mamedova: Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır

Tarix:9-11-2024, 12:21
Baxış Sayı:38

 

Solmaz MamedovaAzərbaycanın gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən birliyimiz, həmrəyliyimiz xüsusi qeyd edilir.  Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Vətən müharibəsi zamanı siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzaladılar. Siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalandı.  İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Hər zaman bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı oldu.

Prezident İlham Əliyev müsahibələrində bu fikri xüsusi qeyd edir ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi oldu. Ölkəmizin möhtəşəm  qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında, xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində 44 gün davam etdi. 44 gündə  30 illik işğala son qoyuldu. Tarixi ədalət bərpa edildi. “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən cənab İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa,  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdik. Özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmadı. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı miflər darmadağın edildi,  erməni ordusu qorxaq və təslimçi ordu kimi təqdim olundu.

Postmünaqişə dövrünün reallıqları sırasında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını qürurla qeyd edirik. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  Ordumuz 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Separatçılardan təmizlənmiş ərazilərimizə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə  Azərbaycan Bayrağını ucaltdı. Tariximiz zəfər səhifələri ilə daha da zənginləşir. Tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdışımızı hədəf kimi qarşımıza qoymuşuq. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində bu arzumuz da reallığa çevriləcək.

Hər bir bayram, tarixi gün onun mahiyyətinin təqdim edilməsi ilə yanaşı, uğurlarımızın da təhlilində əhəmiyyətli rol oynayır. 9 Noyabr-Dövlət Bayrağı Günü ərəfəsindəyik. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir. Milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilən Bayrağımız qürurumuzdur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı milli kimliyimizi, gücümüzü, birliyimizi dünyaya təqdim edir.  Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın daim yüksəklərdə dalğalanması üçün hər birimiz üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməliyik. Qalib, yeni Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının reallıqları fonunda yeni-yeni hədəflərə doğru inamla addımlayır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI