Azərbaycan İdeyası

Nazim müəllim: Qətiyyətli mövqe məkrli planları puç edir

Tarix:16-09-2024, 13:03
Baxış Sayı:112

Peşəkar Ordu

104 saylı marşrutların rəhbəri Nazim müəllim -15 sentyabr - Bakının düşmən işğalından azad edildiyi gündür! 106 il öncə qəhrəmanlarımızın reallaşdırdığı bu tarixi hadisəni, bu günkü Azərbaycan Respublikasının mövcudluğunun əsas tarixi təməllərindən biri və Azərbaycan-Türkiyə qardaşlığının əbədiləşdirildiyi hadisə kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, mədəniyyəti, əldə edilən hərbi, diplomatik, iqtisadi və s. uğurlar Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi ilə nə qədər bağlıdırsa, deməli Bakının düşmən işğalından azad edilməsi ilə də o qədər bağlıdır.

Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?

Tarixi şərait

20-ci əsrin əvvəlləri tarixə Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbləşmənin başladığı illər kimi düşdü. Bu dövrdə Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı hadisələri də yaşandı. Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideoloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasətləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmağa çalışan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları istiqamətindəki fəaliyyətlərin qarşısındakı əsas maneələr, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və ermənilərin “Böyük Ermənistan” xəyalı üçün heç bir prinsip gözləmədən hamıyla və hər cür əməkdaşlığa getmələri idi. Anadolunun şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif yerlərində Türklər qətliama məruz qalırdılar.

Elton Məmmədov: 15 Sentyabr - Bakının Qurtuluşu və qardaşlığımızın əbədiləşdiyi gün


Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cümhuriyyətinin qurulma prosesi, digər yandan isə Bakıda, Şamaxıda, Qarabağda, Urmiyada, Naxçıvanda, Muğanda erməni silahlı qrupları və onların dəstəkçiləri tərəfindən böyük qətliamların törədilməsi dövrü kimi düşdü. 1918-ci ilin xüsusilə mart ayında erməni silahlı qrupları tərəfindən həyata keçirilən qətliamlar ən vəhşi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 mindən artıq Azərbaycan türkü ya öldürülmüş, ya da başqa ərazilərə qaçmaq məcburiyyətində qalmışdı. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamən, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafındakı yaşayış yerlərindəki insanlara divan tutulduqdan sonra Bakı Soveti əsasən ermənilərdən təşkil olunmuş silahlı dəstələri Gəncə üzərinə hücuma hazırlayırdı. Bu şəraitdə, 1918-ci il may ayının 28-də isə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

Həmin illər Anadolu türkləri üçün də çox ağır bir dövr idi. Birinci Dünya Müharibəsində məğlub olması Osmanlı Dövlətinə baha başa gəlirdi. Bu mərhələdə tarixi ərazilərinin çoxunun itirilməsi bir yana, Birinci Dünya Müharibəsinin qalib dövlətləri və Türk torpaqlarında gözü olan qonşuları İstanbulda işğal idarəsi quracaq, beləcə ümumiyyətlə Anadolunun itirilməsi təhlükəsi yaranacaqdı. Amma bütün bunlara baxmayaraq, Anadolu Türkləri Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayacaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi.

Qafqaz İslam Ordusunun meydana gəlməsi

Arxiv mənbələri göstərir ki, Osmanlı Dövlətinin ali rəhbərliyi, xüsusilə Xəlil Paşa və Ənvər Paşa kimi zabitlər Birinci Dünya Müharibəsinin gedişatında Cənubi Qafqazdakı vəziyyətdən, Azərbaycan Türkləri üçün yaranmılş təhlükədən narahat olurdular və Rusiya işğalı altındakı Türk və Müsəlman əhalinin xilası barədə düşünürdülər. Ənvər Paşa 1917-ci ilin sonlarından etibarən, Liviyadan İstanbula ezamiyyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şövkət bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycandakı qardaşlarını xilas etmək üçün ordu yaratmaq düşüncəsini qətiləşdirmişdi.

Ənvər Paşa 1918-ci ilin əvvəlindən başlayaraq Qafqazdakı Türk və Müsəlman əhalini qorumaq və Bakını işğaldan xilas etmək üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma bir yandan da bu planın Qafqazda və Bakı neftində gözü olan ingilis və alman qüvvələrinin ciddi reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görüntüsünə sahib olmasını planlaşdırırdı. Ancaq bu planın xeyli vaxt alacağını gördüyü üçün Azərbaycana Türk hərbi hissələrini göndərməyə qərar verdi (çünki, Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi. Çar Rusiyasından Azərbaycana sadəcə 300-ə yaxın yaxşı təlim almış zabit kadr qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ordu formalaşdırılması üçün kifayət etmirdi. Osmanlı Ordusu gəlmədən öncə Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəklində qurdu). Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerdə (xüsusilə Urmiyada) ermənilərin qətliamlarının önlənməsi üçün müəyyən döyüşlər olmuşdu. Heyət mayın 20-də Araz çayını keçib Zəngəzura çatdı.

Nuri Paşa bu bölgədəki erməni qətliamlarından dəhşətə gəlmişdi. Zabitlərindən bir hissəsini bu bölgədə saxladı, bir neçəsini isə Naxçıvan bölgəsinə göndərdi. Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burada ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İslam Ordusu ayaq basdığı hər yerdə Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu.

Qeyd edək ki, hələ aprel ayında Ənvər Paşa Azərbaycan nümayəndələri ilə görüşündə Qafqaz bölgəsində federativ ya da konfederativ bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını və qardaşı Nuri Paşanının Təbrizə, oradan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barədə təlimat verdiyini qeyd etmişdi.

İyun ayının 4-də Osmanlı Dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sıra digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənvər Paşa ilə Məmməd Əmin Rəsulzadə arasındakı görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində vəsait də ayrıldı.

Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, oradan Qazaxa və nəhayət Gəncəyə gəldi. Bu ordu və onlara qoşulan Azərbaycanlı könüllülərdən ibarət olmaqla Qafqaz İslam Ordusu yaradıldı. Ümumən Qafqaz İslam Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İslam Ordusu müəyyən təşkilatlanma və hazırlıqlardan sonra Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Salyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən isə Bakı yaxınlığında döyüşlər başladı.

Əslində Bakının qurtuluşundan öncə hərbi-diplomatik şərait daha da ağırlaşmışdı. Avqustun 27-də almanlarla ruslar arasında imzalanan Brest-Litovsk müqaviləsi digər məqamlarla yanaşı həm də türk ordusunun Bakıya girişinin qarşısını almaq məqsədini (əvəzində Rusiya almanlara Bakı neftindən pay verəcəkdi) güdürdü. Digər tərəfdən Bakıdakı erməni-rus hərbi qruplaşmalarının köməyinə ingilislər də çağırılmışdı. Ancaq bütün bunlar Bakının işğaldan azad edilməsinin qarşısını ala bilməyəcəkdi.

14 sentyabr Bakı ətrafındakı döyüşlərinin 40-cı günü idi. Bu günü uğurlu sayan Qafqaz İslam Ordusu 14 sentyabrı 15 sentyabra bağlayan gecə həlledici hücuma keçdi. Güclü hücumlara tab gətirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 sentyabrda isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuri Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə “Bakı” soyadını götürmüş və tarixə “Mürsəl Bakı” (Mürsəl Bakü) kimi keçmişdi.

Döyüşlərdə Azərbaycan Türkləri ilə yanaşı Anadolunun müxtəlif yerlərindən, hətta Şərqi Avropadan, Kərkükdən və dünyanın digər yerlərindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 Türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixə sadəcə Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də Türk həmrəyliyinin bariz nümunəsi kimi keçmişdi.

Qəhrəmanların sonrakı həyatları

Azərbaycana qardaş köməyinə gələn əsgər və zabitlərin geri qayıtmayan hissəsi sonralar Sovet rəhbərliyi tərəfindən edam və ya sürgün edildilər. Azərbaycanı tərk edənlər də bəzən bunun bədəlini ödəmək məcburiyyətində qaldılar.

O dövrdə İstanbulda işğal idarəsi quran İngilislər, 1919-cu il yanvarın 15-də 9 türk hərbçisinin həbsiylə bağlı qərar çıxardılar. Bunlar arasında Nuri Paşa və Mürsəl Paşa da var idi. Mürsəl Paşa bu qərardan bir müddət sonra 1919-cu il aprelin 20-də Batumidə həbs edilərək Malta adasına sürgün edilmişdi. O, 1 noyabr 1921-ci il tarixdə sürgündən qayıtdıqdan sonra Anadoludakı İstiqlal Savaşına qoşulmuş və bir çox şəhərin azad edilməsinə rəhbərlik etmişdi. Sonrakı illərdə dəfələrlə millət vəkili seçilən Mürsəl Paşa 1945-ci ildə vəfat etmişdir.

Nuri Paşa uzun müddət Almaniyada yaşadıqdan sonra 1938-ci ildə İstanbula gəldi və silah fabriki qurdu. Amma türk dünyasının birləşməsi ilə bağlı fikirlərini və səylərini davam etdirdi. Hətta iddialara görə bəzi bölgələrə silah da göndərməyə başlamışdı. 2 mart 1949-cu ildə silah fabrikindəki partlayış nəticəsində vəfat etdi. Partlayışın terror aksiyası olduğu iddia edildi.

Birinci Dünya Müharibəsində məğlub olduqdan sonra Ənvər Paşa 1918-ci ilin noyabrında Anadolunu tərk edib Türküstanın (Orta Asiyanın) müxtəlif bölgələrində azadlıq mübarizələrinə rəhbərlik etdi. 4 avqust 1922-ci ildə Pamir dağı ətəklərində döyüş zamanı şəhid oldu.

102 il sonra bir daha sınaqdan çıxan əbədi birlik

6 il öncə, Bakının daşnak-bolşevik işğalından azad edilməsi münasibətilə 15 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyib Erdoğanın, eləcə də Azərbaycan və Türkiyə ordusunun birgə iştirakı ilə keçirilən hərbi parad Azərbaycan-Türkiyə qardaşlığının və strateji münasibətlərinin önəmli bir göstəricisi olmuşdu. Həmin paradda İlham Əliyevin “bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər… Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik” fikirləri strateji-hərbi münasibətlərin dərinləşəcəyinin, Recep Tayyip Erdoğanın “Qarabağ problemi Azərbaycan üçün nə ifadə edirsə, bizim üçün də onu ifadə edir, Azərbaycan üçün hansı dərəcədə problemdirsə bizim üçün də o dərəcədə problemdir” şəklindəki fikirləri Türkiyənin Qarabağ probleminə hərbi yanaşmasındakı dəyişikliyin ifadələri idi. İlk dəfə idi ki, Türkiyə prezidentinin çıxışında Türkiyənin Qarabağ problemində Azərbaycana dəstəyinin sərhədsiz olacağı bu qədər konkret şəkildə vurğulanmışdı.

2020-ci ilin iyul provokasiyasından sonra bu mövqelər daha da qətiləşdi. 44 günlük Vətən Müharibəsində Türkiyə Azərbaycana diplomatik-texniki cəhətdən tam dəstək göstərdi. Təbii olaraq tarixi qələbədən sonra 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında iki qardaş dövlətin orduları yenə birlikdə addımladı. 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi ilə qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan münasibətlər rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldildi.

Beləliklə, əslində hazırda “bir millət-iki dövlət” olmağımızı təmin edən həm xüsusi olaraq 15 sentyabr tarixi, həm də ümumiyyətlə 20-ci əsrin əvvəlində baş verənlər (Çanakkaledə Azərbaycanlıların iştirakı, Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi, Azərbaycan Xalq Cümhuriyyətinə Osmanlının ciddi dəstəyi, Qurtuluş Müharibəsi zamanı Anadoluya Azərbaycandan gedən yardımlar, Anadoludakı və Azərbaycandakı aydınların qarşılıqlı fəaliyyətləri) oldu. Ən çox onların sayəsində bir millətin övladları Osmanlı-Səfəvi mərhələsindəki ayrılığı bir kənara qoyaraq köklərindən qaynaqlanan birliyə geri qayıtdı. 20-ci əsr boyunca bu hisslər davam etdi, mütəmadi olaraq bəzi xarici güclər və onların hər iki ölkədəki təmsilçiləri məzhəb və s. kimi amillərdən, müxtəlif fürsətlərdən istifadə edərək qardaşlığa zərbə vurmağa çalışsalar da uğur qazana bilmədilər.

Artıq bu gün Azərbaycan ilə Türkiyənin əbədi birliyindən heç kimin şübhəsi yoxdur. Bu birlik həm hər iki dövlətin qüdrətinin və bu iki dövlətə qarşı mənfi planları olan digər güclərin heç bir zaman uğur qazana bilməyəcəyinin, həm də Cənubi Qafqazda və daha geniş çərçivədə bölgəmizdə sülhün və əməkdaşlığın təminatıdır.

Qətiyyətli mövqe məkrli planları puç edir

Bu günümüzün reallıqları özlərini dünyanın supergücləri hesab edən dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərin, ən əsası onlara qarşı xalqların etimad limitinin sıfıra enməsinin növbəti təqdimatıdır. Təəssüf ki, bəzi dünya gücləri yenə də ənənələrinə sadiq qalaraq yeri gəldi-gəlmədi istinad etdikləri beynəlxalq hüququn norma və prinsiplərini, demokratik dəyərləri maraqlarının arxasında gizlədir, ayrı-ayrı coğrafiyalarda yeni münaqişə ocaqları yaradıb onları idarə etmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Azərbaycan hər zaman bu cür antibəşəri, ikili standartlara əsaslanan siyasətlə üz-üzə qalsa da heç vaxt heç kimin diktəsi ilə oturub-durmayıb, əksinə atdığı addımlarla demokratiyanı strateji kursunun əsası kimi qəbul etdiyini, ədalət və beynəlxalq hüquq prinsiplərini həyata keçirdiyi siyasətin önündə saxladığını təsdiqləyib.

“Bu, bir reallıqdır ki, Azərbaycanın mütəmadi olaraq ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər ərəfəsində qərəzli ittihamlarla rastlaşması ənənə halını alıb və ölkə ictimaiyyəti artıq bəzi beynəlxalq güclərin bu ikili standartlara əsaslanan siyasətinə qətiyyən təəccüblənmir. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti 2024-cü ilin yanvar ayında bəyanatla çıxış edərək qurumda öz fəaliyyətini dayandırmasından, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra həmin güclərin ölkəmizə qarşı əks-təbliğat kampaniyası daha açıq müstəviyə keçdi. Bu ilin yanvarında AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sözügedən bəyanatından sonra nümayəndə heyətimizin ədalətsiz olaraq səs hüququndan məhrum edilməsi barədə qətnamə qəbul etməsi bunun əyani təsdiqi oldu. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bu məsələyə xüsusi diqqət yönəldərək bir daha belə bir qərarın verilməsinə səbəb olan amilləri açıqladı. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin 23 ildən artıq dövrdə Azərbaycan-Avropa Şurası əlaqələrinin aydın ifadəsini yaratdı. Qurum hələ 2001-ci ildə işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni zamanda sıralarına üzv qəbul etməklə beynəlxalq hüquqa, demokratik dəyərlərə hansı prinsiplər əsasında yanaşdığını sübut etmişdi”.

Azərbaycan dövlətinin bəzi dünya güclərinə, beynəlxalq təşkilatlara əsas çağırışlarından biri məhz budur ki, məsələlərə ikili standartlarla yanaşmaq mərəzinə son qoyulsun, hadisələrə ədalət meyarından yanaşılsın. Bu gün Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Bu reallıqların regionda, dünya siyasətində yaratdığı yeniliklər göz önündədir. Azərbaycan tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, sadəcə, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkəmizin zəfərlərini qısqanclıq hissi ilə qarşılayıb əsassız təbliğatları davam etdirmək heç bir dünya gücünə, beynəlxalq təşkilata başucalığı gətirmir. Demokratik dəyərlərin təbliği və inkişafı ilə məşğul olmalı olan AŞPA-nın artıq maraqların bu dəyərləri üstələdiyi bir məkana çevrilməsi yumşaq formada ifadə etməli olsam ikrah hissi doğurur. Görünən budur ki, AŞPA müəyyən bəhanələrlə Azərbaycanın qarşıya qoyduğu tələbləri yerinə yetirməkdən yayınır. Bu baxımdan AŞPA-nın Almaniyadan olan üzvü Frank Şvabenin ənənəsinə uyğun olaraq yenə də qeyri-ciddi fikirləri ilə gündəmə gəlməsi özündə bəzi məqamları ehtiva edır. Azərbaycanın ev sahibliyi və sədrlik edəcəyi son dərəcə mötəbər beynəlxalq tədbirin - COP29-un keçirilməsinə çox az bir vaxtın qaldığını nəzərə alanda ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələrin qərəzli təbliğatlarını genişləndirmələrinin çirkin məqsəd və məramını açıq-aydın başa düşmək olur. Xarici anti-Azərbaycan qüvvələrin ruporu rolunda çıxış edən Frank Şvabe kimi erməni dəyirmanına su tökənlər Azərbaycanda olmayan “siyasi məhbus” məsələsini gündəmə gətirməklə çirkin niyyətlərini açıq-aşkar nümayiş etdirirlər. Görünür, Frank Şvabenin başı o qədər ermənilərin müdafiəsinə qarışıb ki, üzvü olduğu qurumun Azərbaycanla bağlı “siyasi məhbus” məsələsinə çoxdan nöqtə qoymasından, ölkəmizdə siyasi məhbusun olmadığını özünün müvafiq qətnaməsi ilə təsdiqlənməsindən xəbərsizdir. Azərbaycan insan amilinə yüksək dəyər verən, insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində təkmil addımlar atan dövlət kimi tanınır. Bu reallıqları düzgün dəyərləndirmək üçün maraqlar deyil, ədalət prinsipi öndə olmalıdır ki, bu da Frank Şvabe kimilər üçün yad anlayışdır.

Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələrinin beynəlxalq informasiya məkanında hücuma keçmələrinə artıq adət edib. “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ərəfəsində də eyni proseslər müşahidə edilmişdi. Frank Şvabe kimilər də sadəcə həmin təlimatları yerinə yetirən xırda icraçılardır. “İnsan haqları”, “demokratiya”, “siyasi məhbuslar” kimi absurd iddialar Qərb dairələrinin leksikonunda siyasi alət rolunu oynayır. Onlar bu alətdən bir qayda olaraq müstəqil siyasət yürüdən ölkələrə qarşı istifadə edirlər. Kiçik dövlətlərə “demokratiya” dərsi keçməyə cəhd edən bəzi dünya gücləri öz ölkələrində baş verən proseslərə diqqət yetirsələr, yeri gəldi-gəlmədi ağızdolusu danışdıqları demokratiya və insan hüquqları amillərinə daha çox xidmət etmiş olarlar. Özlərinə “umac ova bilməyib başqasına əriştə kəsmək” barədə düşünənlər unudurlar ki, Azərbaycan müstəqil siyasətini sözdə deyil, hər bir addımında təsdiqləyən ölkədir. Həmin güclərin dəstək verdiyi Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqilliyi formal xarakter daşımır. Azərbaycan heç bir qüvvənin göstərişi ilə oturub-durmadığını dəfələrlə əyani surətdə sübut edib. Dövlətimizin başçısı İlham Əliyevin “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!” çağırışı bu gün də Ermənistana havadarlıq etmək istəyən dünya güclərinə, onları bu və ya digər beynəlxalq təşkilatlarda təmsil edən dairələrə ciddi mesajdır.

“Azərbaycan ictimaiyyəti Şvabenin, eyni zamanda, bir sıra ABŞ konqresmenləri və senatorlarının, fransalı “siyasətçilərin” və insan hüquqları “müdafiəçilərinin” məqsədyönlü, sifarişli hücumlarına mütəmadi şahidlik edib və bu gün də eyni ab-hava yaşanır. Maraqların ədaləti, beynəlxalq hüququ, demokratik dəyərləri üstələdiyi məkanlarda qərəzli yanaşmalar, əsassız təbliğatlar qaçılmazdır. Sirr deyil ki, yeni hücum dalğası Azərbaycanın beynəlxalq nüfuzunun, ölkəmizə böyük inamın və etimadın göstərici olan COP29-la bağlıdır. Bütün bunların arxasında erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin dayanması şəksizdir. Bunun üçün hazırda ermənilərin AŞPA-da təmsilçisi rolunda çıxış edən Şvabenin kimliyinə və onun bu günədək Azərbaycana qarşı həyata keçirdiyi əsassız təbliğatlara diqqət yetirmək kifayətdir. Frank Şvabenin fəaliyyəti korrupsiya, rüşvət qalmaqalları, islamofob çıxışlarla zəngindir. Şübhəsiz, mayası ölkəmizə qarşı qərəzdən yoğrulan təbliğatlara tutarlı cavab Azərbaycanın bugünkü reallıqlarıdır. Dövlətimizin hər bir addımı Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Azərbaycanın demokratiya təcrübəsi bütün dünyaya nümunədir. Ölkəmiz beynəlxalq hüququn prinsiplərinə söykənərək ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan hazırda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi və beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasına səy göstərir. Suverenliyimizi bərpa etdiyimiz üçün Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum edən AŞPA yaxşı olar ki, ölkəmizin qarşıya qoyduğu tələbləri yerinə yetirib sülh müqaviləsinin imzalanması prosesinə dəstək olsun. Eyni çağırış bəzi dünya güclərinə də edilir. Tarixi Zəfərimizdən sonra da Ermənistana dəstəyini hər bir baxımdan davam etdirən, təcavüzkarı silahlandıran Fransanın çirkin niyyətlərini müxtəlif bəhanələrlə diqqətdən yayındırmaq cəhdləri göz önündədir. Şvabe kimilər Azərbaycanın Zəfərini həzm edə bilməyən Fransa və Almaniyanın cızdıqları ssenarinin oyunçularıdır. Şübhəsiz, bu çirkin oyun da baş tutmayacaq. Çünki indiyədək ölkəmizə qarşı hər bir cəhd Azərbaycanın real faktlara və tarixi həqiqətlərə söykənən hücum diplomatiyasının nəticəsində iflasa uğrayıb və şübhə yoxdur ki, bundan sonra da belə olacaq”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı