7 nömrəli doğum evinin rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Vəfa Hüseynzadə - Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq dövlət başçısı İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Sentyabrın 27-si tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə gedən yolun başlanğıcı oldu. Dörd il bundan öncə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən amillər Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışında əsaslı şəkildə diqqətə çatdırılır. Bu baxımdan dövlətimizin başçısının “Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva edir. 44 gün davam edən Vətən müharibəsi zamanı otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğalçılardan təmizləndi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. 44 günün hər anını tariximizə Zəfər günü kimi yazan Vətən övladları bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır, tarixinə, torpaqlarına hər zaman sahib çıxan xalqdır. Tarixi ədalətin bərpasının böyük səylər, qətiyyət tələb etdiyini Azərbaycan dövləti, xalqı 44 günlük müharibədə sübuta yetirdi. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız erməni vəhşiliklərinin, vandalizminin şahidi olmaqla yanaşı, əyilməzliyin simvoluna çevrildi. Bu torpaqlar öz tarixi sahibinə qovuşacağı günü gözləyirdi və əmin idi ki, qovuşacaq. Hazırda sakinlərini qarşılayan Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinin sırasına Cəbrayıl şəhəri də daxil oldu. Sentyabrın 26-da ilk köç karvanı Cəbrayıla yola salındı. Bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda bu hədəfi açıqladı ki, 2024-cü ildə Şuşa, Xocalı, Cəbrayıl, Xankəndi və Kəlbəcər şəhərləri sakinlərini qarşılayacaq. Bu ilin 10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Şuşa, 28 May-Müstəqillik Günündə Xocalı, 26 Sentyabr-Anım Günü ərəfəsində isə Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdı. Bundan böyük xoşbəxtlik ola bilərmi?
Bu il Anım Gününü tamamilə fərqli bir ovqatda qeyd edirik. Qalib, bütövləşən, yeni Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident və parlament seçkilərini keçirdi. Bu günlərdə dövlət başçısı İlham Əliyevin sərəncamları ilə 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Bu günlərdə Prezident İlham Əliyev suverenliyimizin bərpasının birinci ildönümündə də Ağdam, Xankəndi, Şuşa şəhərlərində oldu. Hər bir səfər həmin məkanlardan tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı reallıqların dünyaya təqdimatı və beynəlxalq ictimaiyyət tərəfindən qəbulu kimi dəyərləndirilir. Azad Qarabağdan və Şərqi Zəngəzurdan səsləndirilən hər bir çağırış Azərbaycanın, regionun gələcəyinə xidmət edir. Regionda yeniliklər yaradan, dünya siyasətində yerini və rolunu möhkəmləndirən Azərbaycanın hər bir məsələdə mövqeyinin vacibliyi, xüsusi önəm daşıması tarixi Zəfəri, suverenliyinin bərpası ilə dünyaya bir daha təqdim etdiyi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə yeddinci çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi “Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır" fikirləri Azərbaycan xalqının məğlubedilməzliyinin, gənclərimizin vətənpərvərliyinin, milli ruhda tərbiyəsinin təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Zəfərə imza atılması, Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərinin, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəkliklərin azad edilməsi tarixi Zəfərimizin ilk müjdəsi oldu. Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi növbəti qələbələrə stimul verdi. Rəşadətli Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər gün irəli getdi. Zəfərdən Zəfərə atılan addımlar noyabrın 8-də Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edilməsi ilə başa çatdı. Şuşanın azad olunması Ermənistan silahlı qüvvələrini diz çökdürdü, kapitulyasiya aktına imza atmasını şərtləndirdi.
Vəfa Hüseynzadə bu mühüm məqamı da xatırladıb ki, dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlandığı gün xalqa müraciətində Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan edərək bildirdi ki, Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu çağırış hər bir azərbaycanlını qələbəyə ruhlandırdı. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzü, həm də birliyimizi nümayiş etdirdi. Zəfərimizin xronologiyasına diqqət yetirsək 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdiyini görərik. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman oğullarımızın, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, işğalçı dövləti Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini noyabrın 8-də Şəhidlər xiyabanından xalqımıza çatdıraraq bildirdi ki, iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Ordumuzun gücünün, qüdrətinin nümayişi olaraq noyabrın 9-da Azərbaycan Ordusunun daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizləməsini də qeyd etməliyik.
44 günlük İkinci Qarabağ müharibəsi dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi bu gün dünyanın hərbi məktəblərində öyrənilir. Tarixi Zəfərimizdən bəhs edərkən Qələbənin əsas qəhrəmanının Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu dövlət başçısı İlham Əliyev hər bir çıxışında xüsusi qeyd edir. 3 minə yaxın əsgər və zabitimiz şəhid oldu. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Şəhid ailələri və qazilərimiz daim dövlətin diqqətindədir. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Bu sənədlər əsasında Vətən müharibəsinin on minlərlə iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Tarixi Zəfərimizdən sonra bu Qələbənin əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir.
Bu Zəfər xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsini təmin etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin əsassız təbliğatına qarşı birgə mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları həmrəylik nümayiş etdirdi. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Müharibə dövründə Prezident İlham Əliyev diplomatik cəbhədə də böyük uğurlara imza atdı. İnformasiya mübarizəsində qələbəmizdə dövlətimizin başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə xarici mətbuata verdiyi 30-dan artıq müsahibə əhəmiyyətli rol oynadı. Bu müsahibələrin hər biri reallıqların öyrənilməsində zəngin mənbədir. Prezident İlham Əliyev müsahibələrində Zəfərimizə əminliyini ifadə etməklə yanaşı, Azərbaycanın, regionun gələcəyini necə görmək istədiyini də açıqladı. Azərbaycan Zəfərdən-Zəfərə doğru irəlilədi. Hər il Anım Gününü xalqına uğurlar qazandıran yeni bir tarixi hadisənin sevinci ruhunda qeyd edirik. 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Ötən ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun növbəti dəfə gücünü nümayiş etdirdi, növbəti Zəfəri oldu. Suverenliyimizin bərpası tariximizin növbəti Zəfər səhifələrinin yazılacağına stimul oldu. Xalqımız hər zaman 27 Sentyabr - Anım Gününü yad edəcək, şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini qəlbində yaşadacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır, Qarabağımız, Şərqi Zəngəzurumuz gündən-günə cənnətə çevrilir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]