Azərbaycan İdeyası

ABŞ Azərbaycanla bağlı köhnə mövzunu qabartdı - Rusiya “bitib” dedi

Tarix:18-10-2024, 15:30
Baxış Sayı:0


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya rəsmisi Mariya Zaxarova Zəngəzur dəhlizində monitorinqin Moskvaya verilə biləcəyi ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirib. Zaxarova İrəvana Rusiyanın dəhlizə nəzarətini ehtiva edən 10 noyabr sənədini xatırladıb. Görünən budur ki, Rusiya monitorinq təklifindən imtina edir və nəzarəti istəyir, bəs Ermənistan bununla razılaşacaqmı?

- Rusiya dəhlizə nəzarət istəyir, Paşinyanın dediyi kimi, monitorinq yox. Bu baxımdan 10 noyabr bəyanatına istinad edirlər. Məsələ belədirsə, oturub razılaşmalıdırlar. Çünki Azərbaycan bu məsələyə qarışmır.

Bəli, Azərbaycan Rusiyanın nəzarətinə etiraz eləmir, amma mənim fikrimcə, belə bir nəzarət nə bizim, nə də Ermənistanın maraqlarına cavab verir. Çünki Rusiya Zəngəzura nəzarət eləməklə Orta dəhlizə də nəzarət etmiş olacaq. Orta dəhliz isə Rusiya dəhlizinə alternativdir, yəni ondan yan keçir.

Amma reallığı da anlayıram, bizim üçün önəmli olan dəhlizin işə düşməsidir. Azərbaycan vətəndaşını erməni hərbçisi yoxlamaqdansa, rus sərhədçisi yoxlasın. Hər halda ruslar bizə qarşı ermənilərdən dözümlü olarlar. Zatən, vətəndaşlarımız Rusiyaya gedəndə də pasportlarını rus sərhədçiləri yoxlayırlar.

Görək, bu məsələ Putinlə Paşinyan arasında necə razılaşdırılacaq. Anlaşa bilsələr, onda dəhlizin işə düşməsinə əngəl qalmayacaq. Həmçinin bu halda 42 kilometrlik dəmir yolunu bərpa etmək lazım gələcək, amma Ermənistan hələ orada heç bir iş görmür. Əsas odur ki, razılıq əldə edilsin. Artıq Paşinyan öz müavini Mqer Qriqoryanı Moskvaya göndərib, demək, bu mövzuda anlaşmağa çalışacaqlar.

- Nəzarət məsələsinin yekun həllini necə görürsünüz? Ən müxtəlif qüvvələrin – Türkiyə, Avropa Birliyi, ABŞ, Çin, Rusiya və İranın bununla bağlı öz fikirləri var.

- İran dəhlizin əleyhinədir. Nəzarətin Rusiya və ya başqasında olub-olmamasından asılı olmayaraq, Tehranda dəhlizin açılmasını istəmirlər. Amma bu, İrana aid məsələ deyil, Azərbaycanla Ermənistanın görə biləcəyi işdir. Məsələ həllini tapsa, İran mane ola bilməyəcək.

Çinin mövqeyi belədir ki, məsələyə qarışmır, amma Rusiyanın dəhlizə nəzarət etməsinin də əleyhinə deyil. Bu yöndə Pekindən açıqlama eşitməmişəm, ola da bilməz. Çünki Rusiya Çinin strateji tərəfdaşıdır.

Türkiyə rəsmilərindən də Rusiyanın nəzarəti əleyhinə açıqlamalar görməmişəm. Bu o deməkdir ki, Türkiyə Zəngəzur dəhlizinə Rusiyanın nəzarətinə etiraz eləmir. Çünki Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətləri var.

Bəli, əsas etiraz edən tərəf ABŞ-dır. Yəqin Avropa Birliyi və Fransanın da mövqeyi belədir. Qərb istəməz ki, dəhlizə Rusiya nəzarət eləsin. Amma Paşinyan Putinlə razılığa gəlsə, demək, bu məsələdə Avropa Birliyi və ABŞ-ın əleyhinə getmiş olacaq. Bu, Paşinyanın Qərblə münasibətlərini korlaya bilər.

Ancaq Paşinyan real durumdan çıxış etməyə çalışır. Özü də deyir ki, Ermənistanın qonşu ölkələrlə nəqliyyat imkanlarının 70 faizi işləmir. Yəni Azərbaycan və Türkiyə ilə sərhədlər qapalıdırsa, demək, nəqliyyat dəhlizləri də bağlıdır. Yalnız Gürcüstan üzərindən işləyir, bu da kiçik miqyasdadır. İranla ümumiyyətlə dəmir yolu yoxdur.

Paşinyan çalışır ki, bu səbəblərdən məsələni qısa müddətdə həll eləsin. Əvvəl Rusiyanın iştirakına etiraz edirdi, indi isə geri addım atır. Görək, Moskva və İrəvan arasında gedən müzakirələrin nəticəsi necə olacaq. Əslində, iki cür Paşinyan var: müsbət açıqlamlar verən və əməli addımlar atan Paşinyan. Məncə, həmişə onun açıqlamları ilə əməli addımları tərs-mütənasib olur.

- Niderland, Fransa və ABŞ-dan sonra İsveçrə parlamenti də həll edilmiş Qarabağ məsələsinə üz tutub. Son dövrlərdə bəzi Qərb dövlətləri bu “ölü mövzu”ya niyə üz tutmağa başlayıblar? Özü də Ermənistan rəhbərliyi bundan qaçarkən...

- Birincisi, bəzi Qərb dövlətləri öz “məntiq”lərinə görə, guya bölgədə Rusiyanı sıxışdırmaq üçün anti-Azərbaycan siyasətinə baş vurublar. İkincisi, bu ölkələrdə yenidən erməni lobbisinin fəallığı diqqət çəkir. Bəli, bu ölkələrin qanunvericiləri ermənidən çox erməni olmaq istəyirlər.

Ermənistanda yaşayan erməni, baş nazir və hökumət bu “məsələ”ni qaldırmır, bunu bitmiş hesab edir. Hətta separatçıların azad edilməsini gündəmə gətirmirlər. Ermənilər bu haqda danışmazkən, ABŞ, Niderland, Fransa, indi də İsveçrədə başlayıblar. Əslində, bu cür qətnamələr vəziyyəti daha da gərginləşdirir, erməni lobbisini Azərbaycan əleyhinə fəallaşdırır.

Guya bu ölkələr bölgədə sülh və əməkdaşlıq istəyirlər, digər yandan da bu cür qətnamələrlə müsbət atmosferi korlayırlar. Azərbaycanla münasibətləri korlamaqla Cənubi Qafqazda möhkəmlənmək mümkün deyil. Təəssüf ki, həmin mərkəzlər hələ də bunu anlamırlar.

Ortada bir İsrail nümunəsi var. Qərb ölkələrində İsrail tənqid olunsa da, dəstək də verirlər. Azərbaycan İsrailə neft satır, buna görə kənardan bizə müəyyən təzyiqlər var. Buna baxmayaraq, biz İsrailə neft satırıq, çünki maraqlarımıza uyğundur. Biz də İsraildən silah alırıq. İsrail də Vaşinqtonun əsas strateji tərəfdaşıdır. Yəni biz gözləyirdik ki, məsələn, ABŞ Dövlət Departamenti bu amili nəzərə alaraq, Konqresi başa salardı ki, Azərbaycanla münasibətləri korlamaq olmaz.

Əvəzində biz görürük ki, Dövlət Departamenti baş verənlərə seyirçi qalır, bəzən Konqresin qərarlarına özü də dəstək verir. Nəticədə Konqresin anti-Azərbaycan fəaliyyətləri davam edir, ikitərəfli münasibətləri pisləşdirir. Bu da iki ölkənin maraqlarına ziddir.

- Rusiyanın yanaşması Qərbdən fərqlidirmi? Zaxarova da son mətbuat konfransında “ermənilərin Qarabağa qayıdışı” mövzusuna toxunub. Düzdür, o söylədi ki, Bakı hər cür şəraiti yaratmışdı, istəməyən ermənilər oldu, amma hər halda hansısa formada bu məsələni gündəmə gətirdi.

- Əslində, Zaxarova bunu erməni jurnalistin sualına cavabında söyləmişdi. Zaxarova tez-tez onlayn mətbuat konfransı keçirir, çoxlu sayda ölkələrin jurnalistləri ona suallar ünvanlayırlar. Adətən erməni jurnalistlər ona Azərbaycan əleyhinə təxribatçı suallar verirlər, yəni Zaxarovanın dilindən ölkəmizə qarşı nəsə qoparmağa çalışırlar. Amma bu, son vaxtlar alınmır. Zaxarova dəqiq dedi ki, Qarabağ məsələsi bitib, bura Azərbaycan ərazisidir.

Başqa sözlə, bu “məsələ”nin qaldırmağın heç bir əhəmiyyəti yoxdur. Bunu heç Paşinyan da qaldırmır. Paşinyan özü də açıq deyib ki, məsələ bitib. İndi Niderland, ABŞ və ya hansısa ölkələr nədənsə danışırlar, amma zaman keçdikcə, onlar da unudacaqlar.

Bir misal çəkim. ABŞ-ın Azərbaycandakı səfiri uzun müddət Şuşaya getmək istəmədi. Şuşanı “mübahisə predmeti”nə çevirmişdilər. Amma ABŞ Dövlət Departamenti gördü ki, digər Qərb dövlətlərinin Azərbaycandakı səfirləri Şuşada olublar, səfirə getməyə icazə verdi.

Reallığı tədricən həzm edəcəklər. Həmin Amerika və digər ölkələrin səfirləri bir gün Xankəndiyə də gedəcəklər. Reallıq budur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, başqa bir ölkənin ərazisini zəbt etməmişik. Hələ İkinci Qarabağ Müharibəsində bizə təzyiq etməyə çalışsalar da, reallığı da anlayırdılar ki, biz Ermənistan ərazisində savaşmırıq, öz torpaqlarımızın azadlığı uğrunda döyüşürük. Getdikcə, bu “mövzu” Qərbdəki erməni mərkəzləri üçün də aktuallığını itirəcək.

- Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edir ki, sülh müqavilənin 16 bəndi tam razılaşdırılıb. Yüksək rəsmi səviyyələrdə reaksiya görməyən bu açıqlamanın izahı nədir? Siz sülh prosesinin hansı nöqtədə olduğunu düşünürsünüz?

- Qəribə açıqlamadır. Əgər razılaşdırılıbsa, demək, sülh sazişini ən qısa müddətdə imzalamaq olar. Gözləyirdim ki, Paşinyandan bu açıqlamaya dəqiqləşdirmə gələcək.

İki variant var: ya Simonyan bununla nəbz yoxlayır, ya da Paşinyanın erməni cəmiyyətinin hazırlanması ilə bağlı Paşinyanın tapşırığını yerinə yetirib. Paşinyanın özü də açıqlama verməlidir ki, Azərbaycanın bütün şərtlərini qəbul edib və Konstitusiya dəyişikliyi ilə bağlı da qərar veriləcək. Bundan sonra özünün də dediyi kimi, COP29-a qədər hansısa sənəd imzalana bilər.

Bütün hallarda Paşinyan Simonyanın nə dediyini dəqiqləşdirməlidir. Məncə, yaxınlarda nələrin baş verdiyini biləcəyik.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi
Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi