Azərbaycan İdeyası

ABŞ hədəfini açıqladı: Azərbaycanla sərhəddə yerləşirlər - GƏLİŞMƏ

Tarix:17-10-2024, 15:30
Baxış Sayı:0

Politoloq Oqtay Qasımov Ermənistan-Azərbaycan sülh prosesi və Zəngəzur dəhlizi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan parlamentinin spikeri Alen Simonyan iddia edir ki, sülh müqaviləsi tam razılaşdırılıb. Sizcə, erməni spikerin iddiası nə qədər əsaslıdır?

- Bu, tələsik verilmiş bəyanatdır. Adətən Simonyanın bəyanatlarında dəqiqlik olmur. Baxmayaraq ki, Simonyan Ermənistan hakimiyyətinin yuxarı eşelonunda təmsil olunur, amma bu bəyanat baş nazir və ya xarici işlər naziri tərəfindən verilsəydi, daha mötəbər hesab edilə bilərdi. Həmçinin Simonyanın açıqlamasında ziddiyyətlər var. Bundan öncə Paşinyan bildirmişdi ki, sülh müqaviləsinin 16 bəndindən 13-ü razılaşdırılıb, saziş bu formada imzalansın, qalan 3 maddənin həlli sonraya saxlanılsın. Simonyan isə deyir ki, saziş 18 bənddən ibarətdir, 16-sı razılaşdırılıb, 2-si qalır. Belə bir açıq ziddiyyət var.

Razılaşdırılmamış məsələlərə gəlincə, bunlar Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupu ilə bağlıdır. Azərbaycanın bunlarla bağlı mövqeyi dəyişməzdir.

- Bəs Simonyan niyə belə bir bəyanat verdi?

- Bütün bu bəyanatlarda bir məqsəd var: Bakıda keçiriləcək COP29-dan əvvəl Ermənistanı dünyaya “sülh tərəfdarı”, Azərbaycanı isə “prosesi əngəlləyən tərəf” kimi göstərmək və bu yöndə əks-təbliğat aparmaqla ona qarşı beynəlxalq təzyiqləri artırmaq. Əsas məqsəd də Ermənistanın şərtləri ilə yarımçıq sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Əlbəttə, bu cəhdlər qəbul edilməyəcək. Vaxtilə - işğal dövründə Ermənistanın özü bəyan edirdi ki, əgər bir məsələ razılaşdırılmamış qalırsa, demək, o proses razılaşdırılmayıb. Ermənistan uzun müddət bu məntiqdən çıxış etdi, Minsk qrupunun həmsədrləri də onu dəstəklədilər. İndi Azərbaycan bəyan edir ki, məsələlər paket şəklində həll olunsun, Ermənistan isə yarımçıq sənəd imzalamaq, həll edilməmiş məsələləri gələcəyə saxlamaq istəyir. Gələcəkdə nə olacağı bəlli deyil.

Ermənistan öz imzasına hörmət etməyən və etimad göstəriləcək bir tərəf deyil. Bu baxımdan, Azərbaycan haqlı olaraq öz tələblərində israrlıdır: Ermənistan Konstitusiyası dəyişməyənə qədər sülh müqaviləsini imzalamayacaq. Minsk qrupu və kommunikasiyaların açılması ilə bağlı məsələlər də həllini tapmalı, eləcə də Ermənistan üzərinə düşən digər öhdəlikləri yerinə yetirməlidir.

Xüsusən də iki məsələdə Ermənistan etimad göstərilməyəcək tərəf kimi qəbul edilir. Birincisi, Ermənistan Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 4 minə qədər Azərbaycan vətəndaşının taleyi ilə bağlı Bakıya heç bir məlumat verməyib. İkincisi, minalanmış ərazilərin dəqiq xəritələrini vermək istəmir. Bütün bunlar Ermənistanın etimad göstərilməyəcək tərəf olduğunu sübut edir.

- Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Zəngəzur dəhlizində monitorinq Rusiya sərhədçilərinə verilə bilər. İndiyədək orada rusların olmasına etiraz edən Paşinyan geri çəkilirmi, bu, “monitorinq” adı altında nəzarətin Rusiyaya verilməsi kimi şərh edilə bilərmi?

- Bu, Ermənistanın 10 noyabr bəyanatının 9-cu bəndi üzrə götürdüyü öhdəlikdir. Həmin bənddə açıq şəkildə göstərilir ki, Zəngəzurdan keçəcək yolun təhlükəsizliyinə Ermənistan tərəfindən təminat verilir, maneəsiz keçidə nəzarət Rusiya Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Paşinyan 4 ildir bu məsələ üzərindən manipulyasiya edirdi, ziddiyyətli açıqlamalar verirdi. Paşinyanın bu gün dəyişən mövqeyi son aylarda İrəvan və Moskva arasında gedən müzakirələr və Rusiyadan edilən təzyiqlərlə bağlı ola bilər. Görünür, Rusiya İran və Türkiyə ilə sərhədlərdən sərhədçilərini çıxarmaqla, dəhlizə nəzarət məsələsində Ermənistanla razılaşmaq istəyir. Məncə, Rusiya üçün dəhlizə nəzarət sərhədlərə nəzarətdən daha vacibdir.

Ətraflı
Orta dəhliz Rusiyadan yan keçən bir xətdir. Buna görədə, Rusiya bu qlobal layihənin ən azı bir hissəsində nəzarəti əlı almaq istəyir, bu, ona əlavə siyasi dividendlər qazandıra bilər.

- Erməni mediası iddia edir ki, Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası Azərbaycanla sərhəddən çıxarılacaq. Anlaşmaya görə, missiyanın Ermənistanda qalma müddəti 2025-ci ilin fevralında bitəcək. Müddət artırılacaqmı, erməni mənbələrinin iddiasına inanmalıyıqmı?

- Çox vaxt Ermənistan mediasının yaydığı məlumatlar özünü doğrultmur. Bunlar daxili auditoriyaya hesablanmış mesjlar kimi qəbul olunmalıdır.

Missiyaya gəlincə, bunu “Avropa Birliyi missiyası” adlandırmaq doğru deyil. Çünki artıq bura Kanada polisləri də qoşulub. Yəni format Avropadan kənara çıxıb. ABŞ-ın İrəvandakı səfiri Kristina Quin və dövlət katibi Entoni Blinken də bəyan etmişdi ki, bu missiyada iştirakda maraqlıdırlar. Yəni bu, Avropa Birliyi yox, “NATO missiyası” adlandırılsa, daha doğru olar.

2022-ci ilin oktyabrında Praqada bu missiya yaradılarkən, müddəti iki ay müəyyən edilmişdi, sayı da 40 nəfərdən ibarət olmalıydı. Amma həmin ilin dekabrında Azərbaycana xəbər verilmədən missiyanın müddəti və sayı artırıldı, 209 nəfərə çatdırıldı. Əslində, onların fəaliyyətləri bölgədə sülhə xidmət eləmir, “binokl diplomatiyası” adlandırılan bir işlə məşğuldurlar. Bir neçə gün öncə Laçın istiqamətindən binoklla ərazilərimizə baxmaq qəbuledilməzdi. Azərbaycan bunu ciddi şəkildə qınadı. Azərbaycan Prezidenti də üç gün öncə bu məsələyə toxundu.

Missiyanın qəbuledilməz davranışları Avropa Birliyinin diqqətinə çatdırılıb. Bu missiyanın bölgədə olması tərəflər arasında etimadın yaranması və sülhə xidmət etmir. Əslində, bu, Ermənistanı revanşa həvəsləndirən missiyadır. Üstəgəl, Avropa Birliyi missiyasının hesabatları da reallığı əks etdirmir. Bunlar qızışdırıcı hesabatlar kimi qəbul olunmalıdır.

- Əgər hədəf Avropa Birliyi missiyasını NATO missiyasına çevirməkdirsə, ABŞ-ın da məqsədi bura qoşulmaqdırsa, onda İrəvanın Zəngəzur dəhlizinə nəzarəti ruslara verməsi hansı gəlişmələrə yol açacaq?

- Əlbəttə, ABŞ-ın niyyəti odur ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət eləməsin. Həmçinin ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen ötən il Azərbaycanın İran üzərindən paralel yol çəkməsinə də kəskin münasibət bildirmişdi. Bu, Azərbaycan tərəfindən sərt təpki, qəzəblə qarşılanmışdı. Obrayen demişdi ki, ABŞ bu varianta imkan verməyəcək, Zəngəzur dəhlizi də Ermənistanın şərtləri ilə açılmalıdır. Bu cür niyyətlər prosesi əngəlləmək cəhdi və ya oyunpozanlıq kimi qəbul edilməlidir.

Dediyim kimi, ABŞ dəhlizə nəzarətin Rusiyada olmasını istəmir. Əslində, Paşinyanın özünün dediyi kimi, apardıqları “çoxşaxəli xarici siyasət” bölgədə maraqları toqquşan dövlətlər arasında münasibətləri, paralel olaraq da, regionda vəziyyəti gərginləşdirir.

Avropa Birliyi missiyasına gəlincə, gələcəkdə bunu hərbiləşdirmək niyyətləri də ola bilər. Biz bu ehtimalı da gözardı etməli deyilik. Zəngəzur dəhlizinə nəzarət məsələsi də hələ yekun həllini tapmayıb, proses gedir. Məncə, Ermənistan, ümumən Güney Qafqazla bağlı məsələlər Rusiya-Ukrayna müharibəsinin nəticəsindən də asılı olacaq.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI