Azərbaycan İdeyası

Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ

Tarix:30-08-2024, 16:00
Baxış Sayı:2

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putin Bakı səfərindən çox keçməmiş azərbaycanlı həmkarı İlham Əliyevə zəng elədi. Liderlərin söhbətində ən müxtəlif mövzular müzakirə olundu. Rusiyanın, şəxsən Putinin Cənubi Qafqazla bağlı artan fəallığı nədən xəbər verir?

- Əlbəttə, kommunikasiyaların açılması ilə bağlıdır. İndi Şimal-Cənub dəhlizi və onun İranla yanaşı, Zəngəzura gedən qanadları Rusiya üçün çox vacibdir. Buna görə də, belə bir aktivlik müşahidə olunur. Son gəlişmələr də bunu təsdiqləyir. Hazırda kommunikasiyalar ölkələr üçün strateji əhəmiyyət kəsb edir, təkcə Rusiya yox, Azərbaycan üçün də. Buna görə də müzakirələr davam etdirilir, həll yolları axtarılır.

- Rusiya rəsmisi Mariya Zaxarova Zəngəzur dəhlizinin üçtərəfli qaydada müzakirə olunduğunu söylədi. Uzunmüddətli fasilədən sonra Ermənistanın yenidən üçtərəfli formata qayıtdığını və ya prosesin Rusiyanın vasitəçiliyi ilə davam edəcəyini deyə bilərikmi, belədirsə, bu, hara qədər gedəcək?

- Azərbaycan, Ermənistan və Rusiyadan ibarət bir üçtərəfli komissiya var. Bu komissiyanın hüquqi statusu hələ də qüvvədədir. Komissiya Ermənistanın iştirak etməməsi səbəbindən passivdir. Amma hesab etmək olar ki, son gəlişmələrdən sonra komissiya yenidən aktiv şəkildə işə başlasın. Paralel olaraq, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin artır. Bunda da daha çox Ermənistan maraqlıdır. Buna görə də, Ermənistanın mövqeyində müəyyən dəyişikliklər ola bilər.

- Zaxarova “İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı”na diqqət çəkdi. Bunu Moskvanın Tehrana etiraz kimi şərh etmək olarmı? Çünki Rusiya son bəyanatlarında bu dəhlizin açılmasına olan marağını açıqca bəyan edib, İran buna qarşıdır.

- Əlbəttə! Bu, məsələ ilə əlaqədar Rusiya və İran arasında ziddiyyətlərin olmasından xəbər verir. Moskva da bununla bağlı maraqlarını Tehrana çatdırır. Rusiyanın da marağı odur ki, 10 noyabr bəyanatının dəhlizlə bağlı 9-cu bəndi olduğu kimi yerinə yetirilsin. Biz də bu dəhlizin açılmasında maraqlıyıq, amma İran maraqlı deyil. Rusiya haqlı olaraq düşünür ki, bu, İranın məsələyə müdaxiləsi deməkdir. Çünki Azərbaycan, Rusiya və Ermənistan məsələ ilə bağlı razılığa gəlib. Sadəcə olaraq, Ermənistan axır vaxtlar bu razılaşmadan qaçmağa çalışır. Amma bütün hallarda bu, qüvvədədir. İran da Ermənistan vasitəsilə bu anlaşmaları pozmağa cəhd edir. Əlbəttə, Rusiya İranın bu müdaxiləsinə normal yanaşa bilməz.

- Hesab etmək olarmı ki, üçtərəfli qaydada gedən müzakirələr həm də nəzarət məsələsini həll edir? Rusiya 10 noyabr bəyanatını əsas gətirərək, nəzarət məsələsində özünü qabağa çıxarır.

- Burada birmənalı şəkildə nəsə demək çox çətindir. Komissiya işinə başlaya bilər, amma məsələ hələlik müzakirə obyektidir. Bu o demək deyil ki, komissiya işinə başlayan kimi məsələ öz həllini tapacaq. Bu, hələlik digər məsələlərlə yanaşı müzakirə ediləcək. Düşünmürəm ki, bu halda da Ermənistanın mövqeyində əsas dəyişikliklər olacaq.

Nəzarətdən qabaq digər məsələlər də var. Bu, əsasən yolun tikintisi ilə bağlıdır. Hələ heç nə yol, nə də infrastruktur var, bunlar həll edilməlidir. Komissiya digər məsələləri də müzakirəyə çıxara bilər.

Ətraflı
Təhlükəsizlik məsələsinə gəlincə, bununla əlaqədar müxtəlif fərziyyə və yanaşmalar var. Məsələn, Ermənistan bir xarici qurumun gətirilməsi və təhlükəsizliyin qorunması məsələsini ortaya atır. Rusiyanın mövqeyi qətidir. İnanmıram ki, Moskva bu variantla razılaşacaq. Bu, bizim üçün məqbul ola bilər, amma bununla 10 noyabr bəyanatının 9-cu bəndi pozulmuş olur. Biz Rusiya ilə ziddiyyətə girmək istəmirik. Putinin səfəri də onu göstərir ki, yanaşmalarda fərq yoxdur, bir ümumi yanaşma var. Müzakirələr isə hələ davam edəcək.

- Qərbin, xüsusən də artıq Ermənistanda müəyyən dayaqları olan ABŞ-ın Rusiyanın bu həmlələrinə cavabı necə ola bilər?

- Qərb istəyir ki, kommunikasiyalar Ermənistanın nəzarətində olsun. Həmçinin bu baxımdan Ermənistana yardım etmək, təlimlər keçirmək istəyirlər. Artıq ABŞ-ın gömrükçüləri Ermənistanda işləyiblər, treninqlər keçiriblər. Mümkündür ki, dəhlizin keçdiyi bölgədə yer almaları üçün Ermənistan rəhbərliyi ilə fikir mübadiləsi aparıblar. Əslində, dəhlizə Ermənistan yox, dolayısı ilə özləri nəzarət etmək istəyirlər. Bunu sadəcə Ermənistanın əliylə etməyə çalışırlar.

Ermənistanın bu məsələ ilə bağlı Rusiya ilə fikir ayrılıqları var. Burada söhbət təkcə yollara yox, həm də Ermənistanın bütün təhlükəsizlik sisteminə nəzarətdən gedir. Bu da birbaşa xaricdən regiona müdaxilə deməkdir. Bunun bizim üçün maraqlı olduğuna inanmıram. Buna görə də, Azərbaycan hələlik üstünlüyü İran marşrutuna verir. Ən azı bilirik ki, burada durum necədir, kim var, kim yox – bir İrandır, bir də biz. Amma Ermənistanda vəziyyət qarışıqdır, oyunçular çoxdur.

Ermənistan və arxasında duran Qərb dövlətləri durumu çətinləşdirir. Bilmirsən ki, Ermənistanla danışasan, ya onun havadarları ilə. Ona görə də, biz bu yanaşma ilə razı ola bilmərik. Düşünürəm ki, burada nə qədər az ortaq və tərəf olsa, bir o qədər yaxşı olar.

- Yenidən fəallığını artıran Türkiyənin proseslərə baxışı necə ola bilər, digər maraqlı oyunçuların yanaşmalarından fərqlənirmi?

- Azərbaycanla ümumiyyətlə üst-üstə düşür. Çünki Zəngəzur dəhlizi ideyasını Türkiyə tərəfindən də dəstəklənir. Türkiyə də istəmir ki, məsələyə kənar müdaxilələr olsun. Bəli, ideal variant olaraq biz istəyərdik ki. Zəngəzur dəhlizi məsələsi Azərbaycan, Türkiyə və Ermənistan arasında həll edilsin. Amma indi Ermənistanın arxasında Qərb durur, Azərbaycan və Türkiyə burada öz maraqlarını ifadə eləmək istəyir, həmçinin Rusiya amili var. İstər-istəməz Türkiyə də bunu qəbul edir ki, burada ortaq tərəf kimi Rusiya çıxış edir. Çünki Ermənistanın dəmir yol qurumu Rusiyanın əlindədir. Eyni zamanda, Rusiyadan göndərilən əsas yüklər Türkiyə üzərindən daşınacaq.

Hazırda Rusiyaya Yaxın Şərq və Cənub ölkələrinə çıxış lazımdır. Rusiyanın bu ölkələrlə əlaqələri genişlənib, buna görə də quru yolları önəmlidir. Türkiyə də bunu başa düşür. Yeri gəlmişkən, Rusiya və Türkiyə arasındakı ticarət dövriyyəsi 50 milyard dollardan çoxdur, üstəgəl, bu rəqəmi artırmaq istəyirlər. Hədəf 100 milyard dollardır. Bu ticarətin əhəmiyyətli hissəsi dəmir yolları vasitəsilə həyata keçirilə bilər.

Bizim də marağımız odur ki, Azərbaycan tranzit rolunu oynasın, gəlirlərimiz artsın, regiondankənar oyunçular müdaxilələr eləməsinlər. Bir sözlə, dəhliz məsələsində Türkiyə ilə bizim yanaşmalarımızda fərqlər yoxdur. Rusiya ilə də maraqlarımız üst-üstə düşür.

Hazırda tərəflər maraqlarını bir daha götür-qoy edir və tənzimləyirlər. Elə tənzimləyirlər ki, ziddiyyətlər olmasın və ya az olsun, vahid mövqelərdən çıxış edə bilsinlər. Xarici işlər nazirimizin Türkiyəyə səfəri də ona hesablanmışdı ki, Ankara və Bakı vahid mövqelərini bundan sonra da davam etdirsin.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
BVF: Ukraynada müharibə 2025-ci ildə bitməyəcək
BVF: Ukraynada müharibə 2025-ci ildə bitməyəcək
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək