Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov - Bütün müharibələr ərazi iddialarına görə başlayır. Bu kimi proseslər ədalətsiz, işğalçılıq müharibəsi kimi tarixləşir. Belə müharibələrin davamı sonda əraziləri işğala məruz qalmış dövlətin ədalətli müharibəsi olur. Azərbaycanın məruz qaldığı işğalçılıq müharibəsinə görə Ermənistanı qınayan dövlətlər az oldu. Niyə? Bu sual çox mətləblərin çözülməsini tələb edir.
Azərbaycan bu problemin (əslində, Ermənistanın əsassız ərazi iddiasının) danışıqlar vasitəsi ilə həllinə çalışırdı, BMT işğalçı Ermənistana heş bir təzyiq göstərmirdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının Qətnamələrini yerinə yetirmirdi.
Vətən müharibəsində Azərbaycanın ədalətli müharibəsinə görə onu dəstəkləyən dövlətlər həm də dünyəvi niyyətləri, bəşəri istəkləri dəstəkləyirdi. Bu müharibə başlamaya bilərdimi? Ermənistan sülh danışıqlarından yayınmasaydı, atəşkəsə ciddi əməl etsəydi, regionda mövcud status-kvonu saxlamağa cəhd göstərməsəydi, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərində müxtəlif miqyaslı təxribatlar törətməyə meyillənməsəydi, Xankəndidə, işğal etdiyi ərazilərdə fəaliyyət göstərən silahlı dəstələri koordinasiya etməsəydi, bu müharibə başlamazdı. Prezident İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycan dövləti və xalqı ölkəmizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu qətiyyət Ermənistanın xarici siyasətində ciddi dəyişiklik yaranmasını zəru riləşdirmişdi. Ermənistan havadarlarının siyasi və hərbi dəstəyinə ümidlənib işğalçılıq siyasətini davam etdirirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri Noyanberyan rayonu nun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutdu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərini atəşə tutdu. Bu, Ermənistanın ərazilərimizə genişmiqyaslı hücumu idi. Azərbaycan Ordusunun hissələri Prezident İlham Əliyevin əmri ilə əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Dövlət başçımız xalqa müraciətində bu müharibənin ədalətli olduğunu bildirdi. “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir...”. Ali Baş Komandanın bu qətiyyəti Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş əzmini, Qələbə ruhunu daha da yüksəltdi.
Ordu hissələrimiz düşmənin müdafiə sədlərini darmadağın edərək irəlilədi, döyüşlərdə ilk qələbələr qazandı. Müharibənin ilk günündə Ağdərə və Mudovdağ istiqamətində yüksəkliklər, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edildi. Düşmən işğal müddətində müdafiə sədlərini Cəbrayıl rayonunda da möhkəmləndirmişdi. Dövlət başçısının dediyi kimi, “Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb”.
Prezident İlham Əliyev sentyabrın 30-da Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbi qulluqçularla görüşdə bu döyüşləri “Vətən uğrunda gedən döyüşlər” kimi xarakterizə etdi. Oktyabrın 26-da xalqa müraciətində bu müharibəni “Vətən müharibəsi” adlandırdı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı.
Vətən müharibəsində Azərbaycan Ordusu əhəmiyyətli mövqe qələbələri qazandıqca, Ermənistanın məğlubiyyətə yaxınlaşdığını hiss edən bəzi dövlətlər – onların siyasi və hərbi havadarları döyüşlərin dayandırılmasını tələb edəndə Prezident İlham Əliyevin qətiyyəti bu tələbləri ciddi səviyyədə susdurdu: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyirdi. Prezident İlham Əliyevin xalqa müraciətləri müharibə gündəliyi idi. Ordumuz noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsini tarixi Zəfərlə tamamlayan qadir sərkərdə oldu. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın qalibiyyəti rəsmi olaraq təsdiqləndi.
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirildi. Bu parad ədalətli müharibənin dünyaya boy göstərməsi kimi tarixləşdi. Paradda Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi.
Lakin məğlub Ermənistanın silahlı birləşmələri qalib Azərbaycanın ərazilərini tamamilə tərk etməmişdi. Dağılmış ordu hissələri son 30 ilin ideoloji mərkəzinə çerilmiş Xankəndidə separatçı rejimin silahlı dəstələri ilə birləşmişdi, Ermənistanın göstərişi ilə müxtəlif təxribatlar törədirdi. 2023-cü ilin sentyabrın 19-da Prezident İlham Əliyevin əmri ilə antiterror əməliyyatı başladı. Ağdərə, Əsgəran, Xocalı rayonları, Xankəndi şəhəri işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi.
2023-cü il noyabrın 10-da Xankəndidə hərbi parad keçirildi. Bu parad Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə keçirildi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakıda Qənimətlər Parkı yaradıldı.
Vətən müharibəsində Qələbəyə görə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olundu.
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə dövlət bayrağımız qürurla dalğalanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi Zəfərin davamı kimi quruculuq işləri uğurla davam edir. Sakinlərin işğaldan azad edilmiş kəndlərə, şəhərlərə qayıdışı da tarixi Zəfərin davamıdır. Ali Baş Komandan kimi İkinci Qarabağ müharibəsini Zəfərlə tamamlayan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaxın vaxtlarda işğaldan əlamət qalmayacaq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]