Azərbaycan İdeyası

Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır

Tarix:Вчера, 22:49
Baxış Sayı:32

Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olmuş yunan-Roma və sərbəst güləş üzrə idmançıları, eləcə də qadın güləşi üzrə medal qazanan idmançıları qəbul edib. Dövlətimizin başçısı idmançıların əldə etdikləri yüksək nəticələri və ölkənin idman uğurlarında oynadıqları rolu qeyd edib. Milli komandanın qazandığı birincilik güləş tarixində mühüm hadisə olmaqla yanaşı, uzunmüddətli hazırlığın, sistemli yanaşmanın və güclü idman məktəbinin nəticəsi kimi diqqət çəkir. Bu qələbə təsdiq edir ki, güləşçilərimiz Avropa miqyasında lider mövqelərini qoruyub saxlayır və ən çətin rəqabət şəraitində belə üstünlüyünü nümayiş etdirir.

Mötəbər yarışda əldə edilən nəticə təsadüfi deyil. Bu uğurun əsasında idmana göstərilən dövlət qayğısı, müasir idman infrastrukturunun yaradılması və gənclərin idmana cəlb olunması istiqamətində görülən məqsədyönlü işlər dayanır. Bölgələrdə fəaliyyət göstərən Olimpiya idman kompleksləri və ixtisaslaşmış güləş zalları istedadlı gənclərin üzə çıxarılması və peşəkar səviyyədə hazırlanması üçün geniş imkanlar yaradır. Bu isə seleksiya və məşq prosesinin daha səmərəli qurulmasına şərait yaradır.

Güləşin zəngin ənənələri də əldə olunan uğurun əsas komponentlərindəndir. Vaxtilə beynəlxalq arenalarda uğur qazanmış tanınmış idmançıların bu gün məşqçi kimi fəaliyyət göstərməsi və yeni nəsli yetişdirməsi idman məktəbinin davamlı inkişafını təmin edir. Nəsillər dəyişsə də, bu sahədə formalaşmış peşəkarlıq, qələbə ruhu və milli idman ənənələri dəyişməz qalır və yeni uğurların əsasını təşkil edir.

Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda birinciliyinin əldə olunması xüsusi diqqətəlayiqdir. Bu nəticə idmanın ayrı-ayrı istiqamətlər üzrə deyil, kompleks şəkildə inkişaf etdiyini göstərir. Eyni zamanda qadın güləşində medalçıların olması həmin sahəyə marağın artdığını və gələcəkdə daha böyük nəticələrin əldə olunacağını deməyə əsas verir.

İdman uğurları yalnız yarış nəticələri ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin mənəvi həyatına da ciddi təsir göstərir. Beynəlxalq yarışlarda bayrağın yüksəlməsi və qələbə sevinci cəmiyyətin bütün təbəqələrində qürur hissi yaradır. Bu faktorlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli birliyin möhkəmlənməsinə və idmana marağın daha da artmasına səbəb olur. İdman bu baxımdan yalnız fiziki deyil, həm də mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır.

Milli komandada formalaşmış sağlam mühit, yüksək ruh yüksəkliyi və birlik qələbənin əsas şərtlərindən biridir. İdmançıların komanda şəklində çıxış etməsi və ümumi məqsəd uğrunda mübarizə aparması uğurlu nəticənin əldə olunmasında mühüm rol oynayıb. Bu birlik gələcək uğurlar üçün də möhkəm zəmin yaradır. Dövlətimizin başçısı bildirib ki, milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin qələbəsinə sevinir və bu, çox qiymətlidir.

Eyni zamanda, idmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranışı xüsusilə təqdirəlayiqdir. Onların yüksək mənəvi keyfiyyətləri, intizamlılığı və məsuliyyətli davranışı idmanın cəmiyyətdə nüfuzunu daha da artırır. Bu amil gənclər üçün örnək rolunu oynayır və idmanın tərbiyəvi əhəmiyyətini gücləndirir.

Beynəlxalq yarışlarda bəzən qərəzli qərarlar və ədalətsizliklərlə qarşılaşmaq halları olsa da, idmançılarımızın belə vəziyyətlərdə nümayiş etdirdiyi təmkin və ləyaqət dünya miqyasında bir nümunə kimi dəyərləndirilir. Bu amillər onların yalnız peşəkar idmançı deyil, həm də yüksək mədəniyyətə malik şəxsiyyətlər olduğunu göstərir və milli idman məktəbinin nüfuzunu qoruyur.

Ümumilikdə, Avropa çempionatında komanda hesabında qazanılan qələbə güləşin inkişafında yeni mərhələnin göstəricisidir. Bu uğur dövlət qayğısı, zəngin idman ənənələri, sistemli hazırlıq və idmançıların yüksək peşəkarlığının vəhdəti kimi çıxış edir. Qarşıdakı dövrdə bu nailiyyətlərin davam etdirilməsi, yeni nəsil idmançıların yetişdirilməsi və beynəlxalq arenada daha böyük uğurların əldə olunması üçün möhkəm zəmin formalaşıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi
Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı
Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı
Şahlar müəllim: Azərbaycan dövlətçiliyinin memarı – Heydər Əliyevin 103 illik əbədi irsi
Şahlar müəllim: Azərbaycan dövlətçiliyinin memarı – Heydər Əliyevin 103 illik əbədi irsi
İqtisadi inkişaf və sosial məsuliyyət xəttində bir idarəçilik nümunəsi – Məhərrəm Şəfiyev
İqtisadi inkişaf və sosial məsuliyyət xəttində bir idarəçilik nümunəsi – Məhərrəm Şəfiyev
Rövşən Allahverdiyev: Antalya Diplomatiya Forumu – Azərbaycanın sülh və əməkdaşlıq vizyonunun beynəlxalq təqdimatı
Rövşən Allahverdiyev: Antalya Diplomatiya Forumu – Azərbaycanın sülh və əməkdaşlıq vizyonunun beynəlxalq təqdimatı
Böyük Tibb Bacısı Aynur Mikayılovanın Şərəfli Xidməti
Böyük Tibb Bacısı Aynur Mikayılovanın Şərəfli Xidməti
Gəncə Kardioloji Xəstəxanasına peşəkar rəhbərlik edən baş həkim Emralı Yusifov
Gəncə Kardioloji Xəstəxanasına peşəkar rəhbərlik edən baş həkim Emralı Yusifov