İqdam Umudov - Ulu Öndər Heydər Əliyev həyat amalına çevirdiyi xalqa və dövlətə xidmət prinsiplərini xarakterizə edərək demişdir: “Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqının, öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək, özünü bir kənara qoymalısan, öz şəxsi arzularından əl çəkməlisən, özünü, ancaq bu işə sərf etməlisən”.
1991-ci il 3 sentyabr tarixində həm deputatların, həm də minlərlə vətəndaşın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev məhz bu müdrik fikrinin işığında xalq və dövlət üçün çalışmağın, bu yolda fədakarlıq göstərməyin real nümunəsini yaradıb. Dahi Lider müstəqilliyimizin təməl daşlarını həmin dövrdə Naxçıvanda qoyub.
1990-cı illərin əvvəllərində cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddialarına rəvac vermişdi. Blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Belə çətin, son dərəcə mürəkkəb və olduqca məsuliyyətli məqamda Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlişi və həmin il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə hər iki qanunverici orqana deputat seçilməsi xalq tərəfindən böyük sevinclə qarşılandı.
1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayıb. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edilib. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “Sovet” və “Sosialist” sözləri Muxtar Respublikanın adından çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda qaldırılıb, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülüb. Naxçıvanda milli dövlətçiliyimizin bərpası yönündə atılan addımlar bununla məhdudlaşmayıb, 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendum boykot edilib.
Ümummilli Lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi, ümumiyyətlə, Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Bu, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi, gələcəyə inamının artması baxımından böyük dönüş oldu.
Birmənalı olaraq demək lazımdır ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, məhz bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]