Ağstafa RİH başçısı Seymur Orucov - Bu gün qalib, bütövləşən Azərbaycanın yaratdığı reallıqlardan bəhs edirik. Təbii ki, hər bir uğur qətiyyətin, böyük səylərin nəticəsidir. Bugünkü Azərbaycanın möhtəşəm uğurlarından bəhs edərkən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlərin təhlilinə böyük ehtiyac duyulur.
Ümummilli Liderin 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri seçilməsindən 33 il ötür. 33 ilin reallıqlarına söykənərək qarşıdakı dövrün aydın mənzərəsini təqdim edə bilərik. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsini şərtləndirmişdi. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin həm keçmiş İttifaq, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən öz xilaskarlıq missiyasını həyata keçirərək qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görmüşdür. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində Sovet ordusu hissələri Muxtar Respublika ərazisindən çıxarıldı. Ulu Öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Ümummilli Lider düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirdi.
Həmin dövrdə Azərbaycanda vəziyyət olduqca gərgin idi. Ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkəmizin müstəqilliyini təhlükə altında qoymuşdur. Ümummilli Liderin səmərəli fəaliyyəti nəinki muxtar respublikada, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inamı artırmışdı. 1993-cü ildə ölkədə hakimiyyətsizlik böhran həddinə çatmışdı. Xalq çıxış yolu axtarırdı. Milyonları arxasınca aparmaq qüdrətinə malik lider həm də dövlətçiliyimizi qorumalı idi. Belə məsuliyyətli vəzifəni yerinə yetirmək gücünə malik yeganə Lider Ulu Öndər Heydər Əliyev idi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixinə müstəqiliyimizin xilas günü kimi daxil oldu. Daim xalqa arxalanan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar yarandı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana böyük uğurlar qazandırır. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bir sözlə, Azərbaycanın gələcək inkişafının parametrləri düzgün müəyyənləşdirildi, möhkəm təməl formalaşdı.
2003-cü ildən Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırır. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir, sözünün imzası qədər əhəmiyyətli olduğu təsdiqləyir. Hazırda Azərbaycan dünya birliyində vədinə sadiq etibarlı tərəfdaş, dünyanın nəqliyyat, enerji mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın bu illərdə qazandığı uğurların zirvəsində dayanan tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dünənimizin, bugünümüzün və gələcəyimizin təqdimatıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu qalibiyyət xalqımızın yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Bu inkişafın, tərəqqinin, Zəfərlərin başlanğıcı məhz 3 sentyabr 1991-ci ildir. Heydər Əliyev yolu müasir müstəqil, qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanı hər zaman zirvələrə aparır və aparacaq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]