
26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gün Azərbaycanın ictimai-siyasi həyatında mühüm mövqeyə malik, fəaliyyəti dövlətə xidmət, milli dəyərlərə sədaqət və humanizm prinsipləri üzərində qurulan görkəmli şəxsiyyətin həyat yoluna nəzər salmaq üçün xüsusi fürsətdir. Mehriban xanım Əliyevanın uzun illəri əhatə edən fəaliyyəti xalqın maraqlarına xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsinə töhfə vermək və cəmiyyətin sosial-mənəvi inkişafına dəstək göstərmək kimi ali məqsədlərlə səciyyələnir.
Mehriban xanım Əliyevanın şəxsiyyətində yüksək ziyalılıqla dövlətçilik təfəkkürü, prinsipiallıqla humanizm, milli ənənələrə bağlılıqla müasir dünyagörüşü bir-birini tamamlayır. Onun fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər saldıqda təhsildən səhiyyəyə, mədəniyyətdən idmana, sosial layihələrdən beynəlxalq humanitar əməkdaşlığa qədər olduqca geniş bir fəaliyyət coğrafiyasını görmək mümkündür. Bütün bunların mərkəzində isə Azərbaycan insanına xidmət, xalqın mənəvi sərvətlərinin qorunması və gələcək nəsillər üçün daha güclü cəmiyyət quruculuğuna töhfə vermək amalı dayanır.
Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın gördüyü işlər onun humanist fəaliyyətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Fond Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması məqsədinə xidmət edir. Eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirilən təşəbbüslər cəmiyyətin müxtəlif təbəqələrinin həyatına mühüm töhfələr verib. Mehriban xanım Əliyevanın fəaliyyət fəlsəfəsində insanlara qayğı yalnız bir vəzifə deyil, yüksək mənəvi dəyər kimi özünü göstərir.
Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi naminə canından keçmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə göstərilən ehtiram xüsusi mənəvi əhəmiyyət daşıyır. Şəhid ailəsinin dərdinə həssas yanaşmaq, qazinin qayğısını bölüşmək, onların cəmiyyətin daim hörmət və diqqət mərkəzində olmasını təmin etmək dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Mehriban xanım Əliyevanın insanpərvərlik prinsiplərinə əsaslanan fəaliyyətində də Vətən qarşısında misilsiz xidmətləri olan qəhrəmanlarımızın və onların ailələrinin yanında olmaq xüsusi dəyər daşıyır. Bu münasibət xalqımızın qəhrəmanlarına verdiyi qiymətin və milli həmrəyliyimizin ifadəsidir.
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin qorunması və dünyada təbliği istiqamətində fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Hələ 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondunun təsis edilməsi, 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğinə xidmət edən “Azərbaycan – İrs” jurnalının yaradılması bu istiqamətdə görülən sistemli işlərin başlanğıc mərhələlərindən olub. Muğamımızın, milli musiqimizin, tarixi abidələrimizin və zəngin mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması Azərbaycanın qədim və zəngin mədəniyyət ölkəsi kimi təqdim olunmasına mühüm xidmət göstərib.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində Azərbaycan idmanının inkişafı da mühüm yer tutur. Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi dövrdə ölkəmizdə gimnastikanın inkişaf imkanları genişlənib, idmançılarımız beynəlxalq yarışlarda mühüm nailiyyətlər əldə edib, müasir idman infrastrukturu formalaşdırılıb. Milli Gimnastika Arenasının istifadəyə verilməsi də bu sahədə yaradılan böyük imkanların göstəricilərindən biridir. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin dünyada müasir və güclü dövlət kimi tanıdılmasına xidmət edən mühüm amillərdən olub.
Onun fəaliyyətinin digər mühüm istiqaməti Azərbaycan həqiqətlərinin və milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə layiqincə təqdim edilməsidir. Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun inkişafı, Azərbaycan mədəni irsinin qorunması və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti müxtəlif illərdə beynəlxalq səviyyədə də qiymətləndirilib. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması istiqamətində göstərdiyi səylərə görə 2004-cü ildə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülməsi bunun mühüm nümunələrindəndir.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi onun siyasi və dövlətçilik fəaliyyətində yeni və mühüm mərhələnin başlanğıcı oldu. Birinci vitse-prezident kimi həyata keçirdiyi fəaliyyət ölkənin strateji maraqlarının qorunması, sosial məsələlərə diqqətin artırılması və dövlət siyasətinin müxtəlif istiqamətlərində qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətə verdiyi töhfələr də xüsusi əhəmiyyət daşıyır.
Mehriban xanım Əliyeva Azərbaycan qadınının müasir dünyadakı yüksək mövqeyini təcəssüm etdirən görkəmli şəxsiyyətlərdəndir. Onun simasında ailəsinə və milli dəyərlərinə bağlı, eyni zamanda dövlət idarəçiliyində mühüm mövqeyə sahib olan güclü Azərbaycan qadını obrazı görünür. Yüksək intellekt, siyasi mədəniyyət, insanlara münasibətdə həssaslıq və milli maraqlara sədaqət onun fəaliyyətinin xarakterik xüsusiyyətlərindəndir. Bu xüsusiyyətlər Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə nüfuzlu ictimai-siyasi xadim kimi tanınmasında mühüm rol oynayır.
Bu gün Azərbaycan öz tarixinin qüdrətli və şərəfli inkişaf mərhələlərindən birini yaşayır. Dövlətimizin güclənməsi, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, xalqımızın milli birliyinin daha da möhkəmləndirilməsi və gələcək nəsillərə güclü Azərbaycan miras qoyulması qarşıda duran mühüm məqsədlərdir. Belə bir mərhələdə Mehriban xanım Əliyevanın dövlətçilik, humanizm və sosial həmrəylik prinsiplərinə əsaslanan fəaliyyəti də ümumi inkişaf prosesinə öz töhfəsini verir.
Mehriban xanım Əliyevanın həyat yolu göstərir ki, yüksək dövlət vəzifəsi böyük məsuliyyət, xalqa bağlılıq və davamlı xidmət tələb edir. Onun illər ərzində təhsil, səhiyyə, mədəniyyət, idman, sosial və humanitar sahələrdə göstərdiyi fəaliyyət bir məqsəddə birləşir: Azərbaycana xidmət etmək, milli dəyərlərimizi qorumaq və insanlara fayda vermək. Məhz bu xüsusiyyətlər onun ictimai-siyasi fəaliyyətinin mahiyyətini müəyyənləşdirən əsas dəyərlər sırasında dayanır.
26 avqust – Mehriban xanım Əliyevanın doğum günü münasibətilə ona ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan dövlətinin və xalqının rifahı naminə həyata keçirdiyi fəaliyyətində ona böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni nailiyyətlər arzulayıram. Arzu edirəm ki, Mehriban xanım Əliyevanın dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə və humanizm ideallarına xidmət edən fəaliyyəti bundan sonra da uğurla davam etsin.
Hörmətli Mehriban xanım, doğum gününüz mübarək! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavan ömür və Azərbaycan naminə fəaliyyətinizdə daim uğurlar arzulayıram.
Hörmətlə,
Mehi Həsənov
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Mehriban Əliyeva – Dövlətçilik Dəyərlərini, Xalqa Xidməti və Mərhəməti Birləşdirən Şərəfli Ömür Yolu