
26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gün ölkəmizin ictimai-siyasi həyatında mühüm mövqeyə malik olan, uzun illərdir dövlətə və xalqa xidmət edən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə nəzər salmaq üçün gözəl fürsətdir. 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn Mehriban Əliyeva zəngin təhsili, yüksək intellekti və ictimai fəaliyyəti ilə Azərbaycan cəmiyyətində özünəməxsus yer qazanıb.
Mehriban xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda onun fəaliyyətində dövlətçilik düşüncəsi ilə humanist dəyərlərin bir-birini tamamladığını görmək mümkündür. O, müxtəlif dövrlərdə üzərinə götürdüyü vəzifələrdə Azərbaycan dövlətinin və xalqının maraqlarını, milli-mənəvi dəyərlərimizin qorunmasını, sosial məsələlərə diqqəti və insanların rifahını ön planda saxlayıb. Məhz buna görə onun fəaliyyəti yalnız yüksək dövlət vəzifəsi ilə məhdudlaşmır, eyni zamanda geniş ictimai, mədəni və humanitar istiqamətləri əhatə edir.
Mehriban xanım Əliyevanın fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlıdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə mühüm fəaliyyət göstərir. Fondun fəaliyyəti çərçivəsində təhsil, səhiyyə, mədəniyyət və digər humanitar istiqamətlərə göstərilən diqqət isə bu missiyanın daha geniş məna daşıdığını nümayiş etdirir.
Mehriban xanım Əliyevanın adı Azərbaycanda xeyirxahlıq və mərhəmət ənənələrinin genişlənməsi ilə də sıx bağlıdır. İnsanların problemlərinə həssas yanaşmaq, qayğıya ehtiyacı olanlara diqqət göstərmək, uşaqların sağlam və savadlı gələcəyinə xidmət edən təşəbbüsləri dəstəkləmək onun ictimai fəaliyyətinin mühüm xüsusiyyətlərindəndir. Onun ana, uşaq və ailə sağlamlığının qorunması istiqamətində fəaliyyəti beynəlxalq səviyyədə də qiymətləndirilib və 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının mükafatına layiq görülüb.
Azərbaycan xalqının ən müqəddəs dəyərlərindən biri şəhidlərimizin əziz xatirəsinə ehtiram, onların ailələrinə və qazilərimizə qayğıdır. Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinin yanında olmaq, sağlamlığını Vətən yolunda itirmiş qazilərimizə hörmət göstərmək hər birimizin mənəvi borcudur. Mehriban xanım Əliyevanın humanizm və sosial həssaslıq üzərində qurulan fəaliyyətinin ruhunda da insanlara qayğı, ehtiyacı olanlara dayaq olmaq və Vətən qarşısında xidmət göstərmiş insanların əməyinə yüksək qiymət vermək kimi dəyərlər mühüm yer tutur.
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin qorunması və dünyada təbliği istiqamətində fəaliyyəti ayrıca qeyd edilməlidir. Hələ 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu təsis edilib, bir il sonra isə Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya daha geniş çatdırılması məqsədilə üç dildə nəşr olunan “Azərbaycan – İrs” jurnalının əsası qoyulub. Bu istiqamətdə həyata keçirilən fəaliyyət milli musiqimizin, incəsənətimizin, tarixi abidələrimizin və bütövlükdə Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edib.
Azərbaycan idmanının inkişafında Mehriban xanım Əliyevanın gördüyü işlər də böyük əhəmiyyət daşıyır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti dövründə gimnastikanın müxtəlif növlərinin ölkəmizdə inkişafı üçün mühüm imkanlar yaradılıb, idmançılarımız dünya və Avropa yarışlarında uğurlu nəticələr qazanıblar. Milli Gimnastika Arenasının istifadəyə verilməsi isə bu sahədə yaradılmış müasir infrastrukturun mühüm nümunələrindən biridir. Mehriban xanımın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti ilə 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkili də Azərbaycanın beynəlxalq idman nüfuzunun yüksəlməsinə mühüm töhfə verib.
Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, milli mədəni irsimizin qorunması və ölkəmizin dünyadakı nüfuzunun daha da möhkəmləndirilməsi xüsusi yer tutur. Onun müxtəlif ölkələrdə həyata keçirilən humanitar və mədəni layihələrə verdiyi dəstək Azərbaycanı yalnız iqtisadi və siyasi gücü ilə deyil, zəngin mədəniyyəti, tolerantlıq ənənələri və humanist dəyərləri ilə də dünyaya təqdim etməyə xidmət edib. Bu fəaliyyət illər ərzində müxtəlif dövlətlərin və beynəlxalq qurumların yüksək mükafatları ilə qiymətləndirilib.
21 fevral 2017-ci il Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyətində xüsusi mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin sərəncamı ilə onun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi dövlət idarəçiliyində üzərinə daha böyük məsuliyyət qoydu. Birinci vitse-prezident kimi fəaliyyəti dövlət maraqlarının qorunması, sosial-humanitar məsələlərin diqqətdə saxlanılması və ölkənin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə xidmət etməsi baxımından əhəmiyyətlidir.
Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan qadınının müasir dünyadakı güclü və nüfuzlu obrazını təcəssüm etdirir. Yüksək dövlət vəzifəsində çalışmaqla yanaşı, milli ailə dəyərlərinə, Azərbaycan qadınına xas mərhəmətə, ziyalılığa və mənəvi prinsiplərə bağlılığı onun ictimai obrazının mühüm cəhətlərindəndir. Dövlətçiliklə humanizmin, prinsipiallıqla mərhəmətin, milli dəyərlərlə müasir dünyagörüşünün bir arada təcəssüm etməsi onun fəaliyyətinə xüsusi məzmun verir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi inkişaf yolu, dövlətimizin güclənməsi və beynəlxalq mövqelərinin möhkəmlənməsi hər bir vətəndaşımız üçün qürur mənbəyidir. Mehriban xanım Əliyeva da uzun illərdir dövlət başçısının yanında olaraq Azərbaycanın tərəqqisinə, xalqın rifahına və dövlətimizin qarşısında duran strateji məqsədlərin həyata keçirilməsinə öz töhfəsini verir. Onun fəaliyyəti dövlətə sədaqətin, xalqa xidmətin və milli maraqlara bağlılığın vəhdəti kimi qiymətləndirilə bilər.
Bu gün – Mehriban xanım Əliyevanın doğum günündə ona ünvanlanan təbriklər yalnız əlamətdar bir tarix münasibətilə söylənilən xoş sözlər deyil. Bu, eyni zamanda onun dövlətçilik, ictimai, mədəni və humanitar sahələrdə uzun illər ərzində gördüyü işlərə göstərilən ehtiramın ifadəsidir. Xalqın qayğılarına həssas yanaşmaq, milli irsimizin qorunmasına xidmət etmək, Azərbaycan qadınının nüfuzunu yüksəltmək və dövlətimizin inkişafına töhfə vermək şərəfli fəaliyyət yolunun əsas istiqamətləridir.
Hörmətli Mehriban xanım, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, tükənməz enerji və Azərbaycan dövlətinə, xalqımıza xidmət edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, qarşıdakı illər də həyatınıza xoşbəxtlik, sevinc və böyük nailiyyətlər gətirsin. Uca Allah Sizi və ailənizi qorusun, Azərbaycanımızın tərəqqisi naminə gördüyünüz işlər daim uğurlu olsun!
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım!
Dərin hörmətlə,
Dilqəm Həkim