
Mehdiabad qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin direktoru Afət Camalova - Noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 31-ci ili tamam olur. 1995-ci ilin 12 noyabr tarixində keçirilən ümumxalq səsverməsində xalqımız özünün zəngin tarixi və dövlətçilik ənənələrinə sadiq qalaraq, cəmiyyətimizin, hər bir vətəndaşımızın əmin-amanlığının, firavanlığının təmin olunmasını arzu və suveren hüququndan istifadə edərək müstəqil dövlətimizin Konstitusiyasının qəbul edilməsinə səs verdi. Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Bu reallığı da xüsusi qeyd etməliyik ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.
Konstitusiya hər bir ölkədə Əsas Qanun kimi ali hüquqi qüvvəyə malikdir. Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Bütövlükdə, cəmiyyət həyatının başlıca sahələrində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir. Konstitusiya həm də öz məzmunu ilə dövlətin siyasi quruluşunun, sosial-iqtisadi və hüquqi əsaslarının aynasıdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Belə ki, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin ilin iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başladı.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və sair kimi nailiyyətlər təsbit olunmuşdu. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetidir. Demokratiyanın vacib amillərindən biri kimi insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdədir. Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bildirir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq. İqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən.
Dövrün çağırışları, yenilikləri qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapır. Milli Konstitusiyamıza ötən 31 ildə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. Reallıq budur ki, iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın maddələrindən irəli gələn tələbləri yerinə yetirməli, əsas Qanunumuzun müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəd olduğunu unutmamalıdır.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]