Binəqədi qəsəbə bələdiyəsinin sədri Rəşad İsayev - Tarixi Zəfərimizə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açan Vətən müharibəsinin başlanmasından bizi 4 illik zaman ayırır. Ötən dövr tarixi Zəfərimizə gedən yolun təhlilində, indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş əraziləri azad etməyə başladı. Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Hərbi müstəvidə əldə edilən möhtəşəm Qələbə nəticəsində imzalanan üçtərəfli Bəyanatın müddəalarına əsasən, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Ermənistan hərbi birləşmələrinin 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları şanlı ordumuz tərəfindən qısa müddətdə azad edildi. İşğala 44 gün ərzində son qoyulması Azərbaycan dövlətinin qətiyyətinin, müzəffər ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, Vətən sevgisinin nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən Vətən oğulları qanları, canları ilə tarix yazmaqla bir daha sübut etdilər ki, torpaq -əgər uğrunda ölən varsa, Vətəndir!
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişatında və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Prezident İlham Əliyev, həmçinin informasiya cəbhəsində dünyanın aparıcı media qurumlarına müsahibələri ilə Ermənistanın apardığı təbliğatın üzərindən xətt çəkdi.
Xalqımız o günlərdən başlanan Zəfər yolu ilə gələcəyə doğru qürurla addımlayır. Şanlı Qələbəmizdən üç il sonra Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. Yuxarıda da qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı həqiqətlərimizin təbliğində, tarixi Zəfərimizi, antiterror tədbirlərini şərtləndirən amillərin təqdimatında mühüm rol oynayır. Bu baxımdan cənab İlham Əliyevin 20 Sentyabr - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı, müəllim və tələbə heyəti ilə görüşü də diqqətdə oldu. Tarixi Zəfərimizdən geniş bəhs edən cənab İlham Əliyev diqqəti bir günlük antiterror tədbirlərinə yönəldərək bildirdi ki, əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq: “İndi deyilir ki, 23 saat davam etdi, bəli, ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”.
Cənab İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, tarixi abidələrimizi dağıdıb. Ölkəmiz bərpa-quruculuq işlərində də təcrübəsini nümayiş etdirir. Belə ki, müharibədən çıxan ölkə üçün bərpa-quruculuq işlərinə başlamaq asan deyil. Amma Azərbaycan müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə başladı. Bu, ölkəmizin malik olduğu imkanların göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]