Azərbaycan İdeyası

Ziyəddin Quliyev: Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

Tarix:5-09-2024, 10:32
Baxış Sayı:44


“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, hər ötən gün Azərbaycanın müstəqillik  tarixinə uğur səhifəsi kimi yazılır. Amma bu məqamı da etiraf etmək lazımdır ki, bu uğurlarımız böyük səylərin, qətiyyətin nəticəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü, eyni zamanda,  siyasi fəaliyyətinin Naxçıvan mərhələsi  dövlətə, xalqa xidmət nümunəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Onun siyasi fəaliyyətinin Naxçıvan mərhələsi də Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərlə zəngindir. Belə ki, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi xarakterizə edilir.  Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.  Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etsə də ilk illərdə yaşananlar xalqın sabaha ümidlərini itirmişdi. Xalqımız azad, firavan yaşamaq istəyinə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail oldu. Reallıq budur ki, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir, möhtəşəm uğurlara imza atırlar.  Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadıqları ilə 1993-cü ildən başlanan inkişaf yolunu müqayisə etdikdə bu həqiqəti bir daha təsdiqləmiş oluruq.

Xalqımızın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvəti ilə  Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Həmin tarixdən başlanan yol 2020-ci ildə xalqımıza Zəfər  sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran Ulu Öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq!” tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi.

Son 20 ildən artıq dövrdə  Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi,  işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanmasına nail olması dayanır.  Ulu Öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider məcburi köçkünlərlə görüşlərinin birində bu inamı ifadə etmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallaşdırdı.  44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, ədalət bərpa edildi. Tarixi Zəfərimizdən üç il sonra isə, ötən ilin sentyabrında suverenliyimiz bərpa olundu, Azərbaycanın həyatında yeni dövr başladı.  

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanıb, bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdış davamlılığı ilə diqqətdədir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı