Azərbaycan İdeyası

Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir

Tarix:20-11-2024, 10:45
Baxış Sayı:2

Ermənistan hakimiyyəti onların geri qayıtmaq istəmədiklərinə tam əmin olub

“Dağlıq Qarabağdan olan soydaşlarımız sürətləndirilmiş qaydada Ermənistan vətəndaşlığı ala bilərlər”. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Bunun üçün İrəvandakı Miqrasiya və Vətəndaşlıq Xidmətinə, rayonlarda isə Daxili İşlər Nazirliyinin ərazi bölməsinə getmək, ərizə yazmaq və müvafiq sənədlər təqdim etmək lazımdır. Bundan sonra bir-iki ay ərzində sizə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan vətəndaşlığı verildiyi barədə qısa mesaj gələcək. Növbəti addım olaraq, Ermənistan Respublikasının vətəndaşı kimi yeni pasport almaq üçün ərizə yazmalısınız”, - məlumatda qeyd edilir.

Bu qərarın arxasında hansısa hiylə varmı?

Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan könüllü köçmüş erməni əhalinin böyük əksəriyyəti onsuz da Ermənistan vətəndaşlığı olan şəxslərdir: “Həmin ermənilər işğal dövründə Qarabağa qanunsuz köçmüş və köçürülmüş ermənilər idi. 2023-cü ilin sentyabrında Qarabağdan  köçən zaman jurnalistlərə özləri də etiraf edirdilər ki, Ermənistan vətəndaşıdırlar. Hətta onların bir çoxu Suriyadan, Livandan və digər ölkələrdən Qarabağa gəldiklərini deyirdilər. Rusiya vətəndaşı olduqlarını söyləyənlər də var idi. Ermənilərin özlərinin açıqlamaları uzun illər işğalda olan Qarabağda erməni əhalinin qanunsuz yerləşdirildiyini bir daha təsdiqlədi. Çox az sayda erməni var idi ki, onlar Birinci Qarabağ müharibəsindən öncədən orada yaşayan Azərbaycan vətəndaşları idilər. Azərbaycan dövləti dəfələrlə ən yüksək səviyyədə onlara çağırış etdi ki, köçməsinlər və vətəndaşımız olaraq yaşasınlar. Ancaq məlumdur ki, ermənilər bu müraciətləri dinləmədilər və könüllü şəkildə köçüb getdilər. Bir neçə ay öncə isə Ermənistan mediasında həmin ermənilərin Ermənistan vətəndaşlığı almaq üçün müvafiq rəsmi qurumlara müraciət etdikləri haqda xəbərlər yayılmışdı. Məsələn, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Qazaryan parlamentdə çıxışı zamanı demişdi ki, Qarabağdan köçmüş ermənilər Ermənistan vətəndaşlığı almaq üçün kütləvi müraciətlər edirlər. Qarabağ erməniləri üçün Ermənistan vətəndaşlığının alınmasına sadələşdirilmiş prosedur qüvvədədir. Avqustun 30-na kimi 2900-dən çox erməniyə vətəndaşlıq verildiyini də demişdi. Ermənistan qanunlarına görə sadələşdirilmiş prosedur zamanı vətəndaşlıq orta hesabla iki ay ərzində verilir.

Hökumət vətəndaşlığı olmayan ermənilərin Ermənistanda yaşamasının dövlət üçün problemlər yaratdığının fərqindədir. Ona görə də bu problemi qeyd olunan ermənilərə vətəndaşlıq verməklə həll etmək istəyirlər. 2023-cü ilin sentyabrında ermənilər Qarabağı könüllü tərk etdikdən sonra Ermənistan pasportu olmayan ermənilər seçim etməli olublar. Yəni ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da Ermənistan vətəndaşı olmaq seçimi. Onlar Ermənistan vətəndaşı olmaq seçimini etdilər. Ermənistan hakimiyyəti ermənilərin Qarabağa qayıtmaq istəmədiklərini də bir neçə dəfə bəyan edib. Paşinyan öz çıxışlarında bu məsələ ətrafında dəfələrlə açıqlamalar verərək bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi qayıdıb yaşamaq istəmirlər.

Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtmaq istəmədiyinə tam əmin olub və ona görə də könüllü köçmüş ermənilərə Ermənistan vətəndaşlığı verilir. Qarabağdan çıxmış ermənilərin bir hissəsi xarici ölkələrə daha yaxşı yaşayış üçün gediblər, yerdə qalanlar da Ermənistan vətəndaşlığı alaraq orada yaşamağa davam edəcək. Kimlərdə Ermənistan pasportları yoxdursa, onlara da verilir".

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, hazırda Qarabağdan Ermənistana könüllü olaraq köçmüş erməni sakinlərin bir hissəsi qeyri-müəyyən vəziyyətdədir, hökumət bu vəziyyəti düzəltmək istəyir: “Onlar əvvəllər iddia edirdilər ki, Ermənistan vətəndaşı olaraq Qarabağda yaşaya bilərlər. Həqiqətən də Qarabağ Ermənistan Silahlı Qüvvələrinin və separatçı erməni terrorçu qruplarının işğalı altında olduğu zamanlarda orada Ermənistan vətəndaşları olan çoxlu sayda erməni qanunsuz yaşayırdı. Qarabağdan köçmüş erməni əhalinin böyük hissəsi Ermənistan vətəndaşı idi. Hətta digər başqa ölkələrin də vətəndaşları olan ermənilər gəlib Qarabağda yerləşmişdilər. Orada yaşayan erməni əhalinin bir hissəsi isə əslində Azərbaycan vətəndaşı olan, lakin Azərbaycan vətəndaşlığını qəbul etməyənlər idi. İndi onlar bölgəni könüllü tərk etdikdən sonra qeyri-müəyyən vəziyyətlə üz-üzə qalıblar, vətəndaşlıq problemi yaşayırlar. Azərbaycan vətəndaşlığından imtina etdikləri üçün Ermənistan vətəndaşlığını almağa çalışırlar. Belə görünür ki, Ermənistan hökuməti də onlara Ermənistan vətəndaşı pasportu almaları üçün şərait yaradır. Bunun üçün qanuni prosedur elan edilib. Ona görə də Ermənistan hökumətinin bu qərarının arxasında hansısa hiylənin dayandığını düşünmürəm. Qarabağdan könüllü gedən 20-30 min erməni ilə bağlı məsələnin hüquqi tənzimlənməsi ilə bağlı addımlar atılır. Bu, Ermənistandaxili ictimai-siyasi həyatda sabitliyin bərqərar olması üçündür. Görünən odur ki, baş nazir Nikol Paşinyan bir neçə güc strukturunun rəhbərini iki gün öncə vəzifədən azad edib və daxildəki proseslərlə bağlı yeni islahatlara başlayıb. Ola bilər ki, ölkədə hansısa seçkilər və ya referendum da keçiriləcək. Hökumət həm də Azərbaycanla sülh sazişinə hazırlıqla bağlı bu addımları atır. Azərbaycanla münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı son vaxtlar onların açıqlamalarında bir müsbət dinamika müşahidə olunur. Qarabağdan köçmüş vətəndaşlığı olmayan ermənilərə Ermənistan vətəndaşlığı verilməsi ilə müəyyən gərginliyə son qoyulmuş olacaq. Mən Ermənistan hakimiyyətinin bu addımını müsbət dəyərləndirirəm”. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı