Son vaxtlarda Moskva Tehran münasibətlərinin gərginləşdiyi bir dövrdə Rusiya Baş naziri Mixail Mişustinin sentyabrın 30-da ilk dəfə olaraq İrana rəsmi səfəri baş tutub. Səfər çərçivəsində rusiyalı Baş nazir Mişustin İran Prezidenti Məsud Pezeşkian və Birinci vitse-prezident Məhəmməd Rza Areflə görüşüb.
Təbii ki, görüşlərdə iki ölkə arasındakı gələcək əməkdaşlıq perspektivlərinin müxtəlif aspektləri müzakirə edilib.
Bu görüşlərdə Azərbaycanı da maraqlandıran Cənubi Qafqazdakı yaranmış durum, xüsusən də son zamanlarda Tehranın təkcə Bakı, Ankara ilə deyil, o cümlədən Moska ilə də maraqlarının toqquşduğu Zəngəzur dəhlizi məsələsi də müzakirə edilib.
Mixail Mişustin İran Prezidenti Məsud Pezeşkianla görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Zəngəzur dəhlizi məsələ ilə bağlı Moskvanın son mövqeyini çatdırıb və tərəflər bu məsələni müzakirə ediblər. Lakin görüşdə hansı razılığa gəlinib-gəlinmədiyinə dair detallı açıqlama verilməyib.
Ancaq Birinci vitse-prezident Məhəmməd Rza Areflə görüşdə bu məsələ daha ətraflı şəkildə müzakirə edilib. Rusiya tərəfinin rəsmi açıqlamasında deyilir ki, Muşistin Arefi ilə görüşdə digər məsələlərlə yanaşı, regional əməkdaşlıq məsələləri çəçirvəsində Zəngəzur dəhlizi məsələsini geniş müzakirə edib.
Arefi Tehranın Zəngəzur dəhlizi məsələsindəki mövqeyinə bir daha aydınlıq gətirərək bildirib ki, Zəngəzur nəqliyyat dəhlizi kimi mübahisəli mövzularda da rus dostlarla işləmək lazımdır. Lakin Arefi Zəngəzur dəhlizi məsələsinin Tehran üçün hələ də qərmızı xətt olduğunu Baş naziri Mişustinin nəzərinə çatdıraraq bildirib ki, bölgədə sərhədlərdə istənilən dəyişiklik qeyri-sabitliyə gətirib çıxaracaq və qeyri-regional güclərin sui-istifadəsinə yol açacaq.
Tehranın bu təkidli mövqeyinə baxmayaraq Baş nazir Mişustin vurğulayıb ki, iki ölkənin belə iri investisiya xarakterli layihələrinin həyata keçirilməsi üçün ən əlverişli şəraitin yaradılmasını vacib hesab edir. "Belə problemlər Rusiya-İran Ticarət və İqtisadi Əməkdaşlıq üzrə birgə Daimi Komissiyası tərəfindən həll edilməlidir.
Biz logistika və nəqliyyat infrastrukturunu ən perspektivli sahə hesab edirik. Rusiya və İran həm Xəzər regionunda, həm də Avrasiyada böyük tranzit potensialına malikdir. Biz beynəlxalq dəhlizləri fəal şəkildə inkişaf etdiririk. Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanın Baltik və şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirir. Bütün Avrasiya dövlətlərinin Asiya-Sakit okean regionunun və Afrikanın sürətlə inkişaf edən bazarlarına birbaşa çıxışını təmin edir", - Mişustin bildirib.
Rusiyanın Baş naziri Mixail Mişustinin İrana rəsmi səfəri də Zəngəzur dəhlizi məsələsində Moskva ilə Tehran arasındakı "buzları" tam əridə bilmədi. Düzdür, verilən açıqlamalar fonunda Tehranın mövqeyində müəyyən yumşalmalar hiss olunsa da, hələ də mövqeyindən geri çəkilmədiyi aydın ortadadır.
Tehranın Zəngəzur dəhlizinin açılmasını özünə qırmızı xətt elan etməsinin əsas səbəbi Ermənistanla olan quru əlaqəsini itirmək təhlükəsi deyil, ən əsası Cənubi Qafqazda gərginliyin bacardıqca uzanmasına nail olmaq və bu yolla bölgədə öz təsir gücünü qoruyub saxlamaqdır. Tehran yaxşı anlayır ki, İrəvanla Bakı arasında sülh əldə edilərsə, İranın bölgədə təsir gücü itəcək. Ona görə də Zəngəzur dəhlizi faktorundan istifadə etməklə Ermənistanla Azərbaycan, Ermənistan-Türkiyə arasında gərginlik yaratmağa çalışır.
İkincisi, İrəvanla sülh əldə edildikdən sonra bölgənin ən dominant gücü Azərbaycan və Türkiyə olacaq ki, bunu da Tehran istəmir.
Üçüncüsü, Tehran bu məsələdə Azərbaycan, Türkiyə və Rusiyaya qarşı çıxmaqla Qərblə hansısa formada bazarlığa getmək istəyir.
Dördüncüsü, ən vacib məqamlardan biri də İran iqtisadi cəhətdən ciddi itkilərə məruz qalacağı üçün bu yolun açılmasını özünün qırmızı xətti hesab edir. Hazırda İran Qərbdən Şərqə, xüsusən də Qərb ölkələrindən Mərkəzi Asiyaya, Əfqanıstana, Pakistana və Hindistana yüklərin daşınmasında mühüm ölkələrdən biridir. İran təkcə, bu yükdaşımalardan ildə böyük həcmdə gəlir əldə etmir, həm də bu yolun keçdiyi ərazilərdə əhalisinin sosial-rifah halının yaxşılaşması üçün istifadə edir. İran həm də bu imkanlardan turizm sektorunun inkişafı üçün faydalanır.
Beşincisi, Zəngəzur dəhlizinin açılması ilə İran Qərblə Şərq, Qərblə Cənub-Şərqi Asiyaya arasındakı yükdaşımanın əhəmiyyətli bir hissəsini itirmiş olacaq.
Altıncısı, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizinin Ermənistanı da əhatə etməsi, o cümlədən Şimal-Cənub Dəhlizinin Zəngəzurdan keçməsi, İrana ticari-iqtisadi cəhətdən, həm də Cənubi Qafqazda, Mərkəzi Asiyada təsir dairəsinin itirilməsinə ciddi şəkildə mənfi təsir göstərəcək.
Amma Tehran onu da bilməlidir ki, Zəngəzur dəhlizi həm də İranın faydasındadır.
Tehran Zəngəzur dəhlizinin yaratdığı imkanlardan faydalanıb Naxçıvan-Ermənistan-Gürcüstan üzərindən daha rahat formada həm Avropa ölkələrinə, həm də keçmiş postsovet ölkələrinə rahat çıxış əldə edə bilər.
İkincisi, İranın Naxçıvanda Azərbaycanın dəmiryollarına inteqrasiyası nəticəsində Cənubdan Şimala, Qərbdən Cənub-Şərqi Asiya ölkələrinə və əks istiqamətdə daha rahat çıxışlar əldə edib ticari-iqtisadi, turizm cəhətdən ciddi faydalar əldə edə bilər.
Lakin Tehranın hazırda Ermənistan üzərindən Avropaya və Şimala çıxışı həm ticari-iqtisadi, həm rentabellilik, həm də geosiyasi cəhətdən effektsizdir. Tehran bu cür mövqe sərgiləməklə Ermənistan kimi özünü daha faydalı əməkdaşlıq formatlarından kənarda qoyur.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]