ABŞ-nin ardınca Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi ciddi səbəblərə gətirib çıxaracaq. Kreml Qərbin bu addımını NATO-nun birbaşa Rusiya ilə müharibədə tərəf olduğunu elan edib. Artıq rusiyalı rəsmilər Qərbin bu addımını Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirirlər.
Rusiya prezidenti Vladimir Putin hələ bir müddət əvvəl bəyan edib ki, Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərinlikdə zərbə endirməsinə qoyulan qadağanın götürülməsi, NATO ölkələrinin hərbi münaqişəyə birbaşa cəlb olunması demək olacaq və bu, onun mahiyyətini “əhəmiyyətli dərəcədə dəyişəcək”.
“Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, Ukrayna “yaxın günlərdə” Rusiya ərazisinə Amerikanın uzaqmənzilli raketləri ilə ilk zərbəni endirə bilər.
“Le Figaro”nun Fransa və Britaniyanın Ukraynaya SCALP və “Storm Shadow” raketlərindən istifadə edərək Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verməsi barədə faktı da bura əlavə etsək, o zaman yaxın müddətdə Rusiya-Ukrayna müharibəsində proseslərin hansı səmtdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətin olacaq.
Putinin dili ilə ifadə etsək, bu, "münaqişənin mahiyyətinin əhəmiyyətli dərəcədə dəyişdirəcək". Hələ sentyabr ayında bununla bağlı məsələyə aydınlıq gətirən Putin deyib ki, Ukrayna ordusu Qərb istehsalı olan müasir uzaqmənzilli, yüksək dəqiqlikli sistemlərlə zərbələr endirmək iqtidarında deyil. “Birincisi, bu, ancaq Ukraynada olmayan peyklərdən alınan kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür. İkinci və çox vacib, bəlkə də əsas odur ki, bu raket sistemlərinə uçuş missiyaları, əslində, yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukrayna hərbçiləri bunu edə bilməz.
Bu da nəticə etibarilə NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması anlamına gələcək. Əgər bu belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, - Putin bildirib.
Qərbin bu qərarını şərh edən Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində çox böyük bir addımdır: "Amerikalılar bunu gedən qocanın əli ilə edəcəklər. İki aydan sonra o artıq heç nəyə cavabdeh olmayacaq".
Cabarov onu da qeyd edib ki, Kiyev belə bir addım atarsa, Moskvanın cavabı daha sərt olacaq: "Cavab zərbəsi belə olacaq ki, Ukraynadakı bütün qərar qəbuletmə mərkəzləri və Dnepr üzərindəki bütün körpülər sökülə bilər”.
Federasiya Şurasının Konstitusiya Komitəsinin rəhbəri Andrey Klişas öz Telegram kanalında məsələ ilə bunları qeyd edib: "Qərb Ukraynanın qalıqları tərəfindən dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə biləcək eskalasiyanın elə bir səviyyəsinə qərar verdi".
Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski isə deyib ki, Amerika raketlərinin Rusiya regionlarının dərinliklərinə enməsi, qaçılmaz olaraq, ciddi eskalasiyaya gətirib çıxaracaq: "Bu da öz növbəsində daha ciddi nəticələrlə sonlanacaq. Bayden administrasiyası isə başa düşməyə bilməz ki, o, Tramp komandasını təkcə Ukrayna münaqişəsinin deyil, həm də daha aktual olan qlobal qarşıdurmanın qarşısını almaq problemi ilə üz-üzə qoyur”.
Ekspertlər hesab edir ki, bu, Tramp və onun komandasını Rusiya-Ukrayna münaqişəsində bəyan etdiyi mövqedən yayınmağa və küncə sıxışdırmaq cəhdidir.
Rusiyalı ekspert Dmitri Stefanoviç isə bunu ABŞ və NATO-nu Rusiya ilə birbaşa silahlı qarşıdurmaya cəlb etmək üçün şərait yaratmaq baxımından Kiyevin bir növ strateji uğuru kimi hesab edir.
Qeyd edək ki, ABŞ-də prezident Co Baydenin qərarı da bir çoxları tərəfindən mənfi qarşılanıb. Seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp ölkənin hərbi sənaye kompleksini eskalasiyaya can atmaqda ittiham edib. “Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh əldə etmədən və insanların həyatını xilas etməmişdən əvvəl III Dünya müharibəsini başlamaq istəyir. İnsanların həyatı onların vecinə deyil! Imbeciles (axmaq, düşüncəsiz deməkdir-red)” - o, X (Twitter) şəbəkəsindəki səhifəsində yazıb.
CNN isə yazır ki, yeni seçilmiş prezident Donald Tramp sülhdən necə danışacağını bildiyini düşünə bilər, lakin o, müharibə mirası ilə üzləşəcək.
Bütün bunlar onu göstərir ki, qarşıdakı mərhələdə proseslər yeni bir mərhələyə qədəm qoyacaq və Rusiya-Ukrayna müharibəsi yeni xarakter alacaq. Bu isə Ukraynanın atacağı addımlardan asılı olacaq. Əgər Ukrayna tərəfi tez bir zamanda uzaqmənzilli raketlərdən istifadə edəcəksə, o zaman müharibə daha kəskin xarakter almış olacaq. Bu Rusiyanı Ukraynaya qarşı yenidən aktiv genişmiqyaslı hücumları ilə müşayiət oluna bilər. Artıq son günlərdə Rusiyanın döyüş aktivliyi müşahidə olunmaqdadır. Rusiya çalışır ki, tez bir zamanda Donbasla sərhədə çıxıb orada mövqelərini möhkəmləndirsin. Eyni zamanda, yaranmış fürsətdən istifadə edib Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovu hədəf seçə bilər.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]