Azərbaycan İdeyası

Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI

Tarix:27-11-2024, 15:30
Baxış Sayı:0

Tramp Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini tələsdirməyəcək; bu isə İrəvan üçün vaxt qazanmaq deməkdir; Rusiya isə “qarşılıqlı kompromisləri çətin və vaxt aparan proses” kimi qiymətləndirir

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır. “Hraparak” qəzetinin məlumatında qeyd olunur ki, Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndləri üzrə şifahi razılığa gəlsə də, Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi olmadan sənədi imzalamaq istəmir.

“Yeni Müsavat” da xatırladır ki, Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılmasıdır. Bu ərəfədə sülh danışıqlarında əsas moderatorluğa iddialı ABŞ və Rusiyanın mövqeləri də maraq doğurur. Belə ki, ABŞ-da Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun İrəvana əvvəlki dəstəyi verməyəcəyi barədə proqnozlar var. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, hakimiyyətə gələn Respublikaçılar Partiyasının gəlişi ilə Ermənistanla bağlı ABŞ siyasətində də dəyişikliklər müşahidə ediləcək. Məlumdur ki, Demokratlar Partiyasında ermənipərəstlərin sayı daha çoxdur və onların hakimiyyəti zamanı İrəvana münasibət dəstək xarakteri daşıyır. Erməni ekspertlər də o fikirdədir ki, Tramp Bayden administrasiyasının məcbur etməyə çalışdığı Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini tələsdirməyəcək. Bu isə İrəvan üçün vaxt qazanmaq  və “Ermənistanın maraqlarına uyğun gəlməyən şərtlərlə saziş imzalamaqdan yayınmaq” imkanı deməkdir.

“Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır”. Bunu isə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “İzvestiya”ya müsahibəsində deyib. “Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün "acı dad" vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, SSRİ-nin dağılmasından sonrakı hadisələri nəzərə alsaq, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq çətin və vaxt aparan prosesdir. Rəsmi Moskva hər zaman Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna uyğun olaraq ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımıza yardım göstərməyə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidir. Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş tutub. Bu, münasibətlərin normallaşdırılması üzrə dialoqa faydalı təkan verməyə imkan verib", - deyə səfir bildirib. Rusiya səfirinin “İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq çətin və vaxt aparan prosesdir” mövqeyi sülh sazişinin uzana biləcəyi ehtimalını artırır.

Ekspertlər iddia edirlər ki, ABŞ prezidentinin yanvarda andiçmə mərasiminədək sülh müqaviləsinin imzalanacağına ümid etmək olmaz. Çünki Trampın rəsmi iş başına keçdikdən sonra regionda, ümumiyyətlə, dünyada nələr baş verəcəyi müəmmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini bildirib. Lakin pafoslu sülh bəyanatları səsləndiyi vaxtda Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb. “Hraparak” məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyindən isə nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı qeyri-rəsmi məlumatlar yaymamaq xahiş edilib.

Elşad Musayev

Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, ötən il də qısa müddətdə sülh müqaviləsi imzalanacağı deyilirdi, amma olmadı: “Mən keçən il demişdim ki, sülh sənədi olmayacaq. Bu il də oxşar proqnozlar səslənir və yenə fikrimdə qalıram ki, saziş imzalanmayacaq. Çünki Ermənistan revanş əhval-ruhiyyəsindədir, sürətlə silahlandırılır, bu halda sülh müqaviləsinin olması real görünmür.  Ona görə büdcə müzakirələrimizdə müdafiə, təhlükəsizlik xərclərinə 20.3 faiz yer ayrılır. Bu da yaranmış zərurətdən irəli gəlir və Ermənistanın silahlanması ilə bağlıdır”. E.Musayev dedi ki, Paşinyan özünü sülhpərvər kimi göstərməyə çalışır, lakin Ermənistan öz qanunvericiliyinə düzəliş etmək niyyətində görünmür: “İrəvan ərazi iddialarını konstitusiyasından çıxarmamaq üçün hər cür bəhanə gətirir. Gah sülh sənəsinin daha ali olduğunu bildirirlər, gah konstitusiya məhkəməsinin qərarını gözləmək lazım gəldiyini deyirlər, gah sonraya saxlanmasını, 2026-cı ildə referenduma gediləcəyini söyləyirlər. Bu manevrlərlə Ermənistan vaxt udmağa çalışır. Ona görə də sülh müqaviləsinin tezliklə imzalanacağını gözləmirəm. Ümumiyyətlə, öz müstəqillik aktında və anayasasında Qarabağın Ermənistana birləşdirilməsi ideyasını saxlayan bir dövlət sülh prosesində səmimi ola bilməz. Bu tələblərimizi yerinə yetirsinlər, sonra sülh sənədinə imza ata bilərik”.

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə də qeyd etdi ki, Azərbaycan yekun sülh müqaviləsinin bağlanmasını istəsə belə, tezliklə reallaşacağını gözləmir. Onun fikrincə, Ermənistan konstitutsion müstəvidə ərazi iddialarından imtina etməlidir: “Təbii ki, digər şərtlər də var, amma ilk növbədə ərazi iddialarından vaz keçməlidir. Və bunu sözdə yox, qanunvericilikdə etməlidirlər. Əks halda, sülh müqaviləsi tərəflər arasında imzalana bilməz”. A.Əlizadə açıqladı ki, Trampın Azərbaycana münasibəti yaxşıdır: “Liderlər arasında telefon danışığından sonra erməni cəmiyyətində narahatlıq daha da artıb. Ermənistanda hesab edirlər ki, ABŞ-dan Azərbaycana dəstək artacaq. Ona görə müəyyən gözləntilərimiz var və xatırladım ki, Trampın əvvəlki prezidentliyi dövründə 44 günlük müharibəyə yanaşması loyal olmuşdu. Ümid edirik ki, ikinci pezidentliyi dövründə də sülh prosesinə müsbət təsiri olacaq. Ermənilər də bilməlidirlər ki, ərazi iddiasından əl çəkməsələr, nəqliyyat kommunikasiyalarının açılması üçün addım atmasalar, delimitasiya və demarkasiya prosesində irəliyə doğru gedilməsə, Ermənistanın inkişafı sual altında qalacaq”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı