Azərbaycan İdeyası

Qripin geniş yayılması ilə bağlı - Rəsmi açıqlama

Tarix:6-01-2026, 11:16
Baxış Sayı:5

Qripin geniş yayılması ilə bağlı - Rəsmi açıqlama

“Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur”.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son günlər kəskin respirator infeksiyaların artması ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, dekabr-fevral ayları məhz fəsli qripin pik dövrü hesab olunur: “Bu infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər.

Nəzərə almaq lazımdır ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir.

Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır”.

Mütəxəssis əlavə edib ki, peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast gəlinir: “Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onların yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir.

Qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur. Buna görə də peyvəndləmə üçün əsasən sentyabr–oktyabr ayları daha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemioloji mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda bu proses ölkə üzrə davam etdirilir.

İkinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu tədbirlər hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır. Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək, qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə sabunla yumaq bu tədbirlər sırasındadır”.

T.Eyvazovun sözlərinə görə, bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali tərəfindən kütləvi şəkildə icra olunsun: “Aparılan maarifləndirmə işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və tövsiyələrə əməl etməsi həlledici rol oynayır.

Qeyd olunan tədbirlərə riayət etməklə qrip və digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq mümkündür və hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov