Azərbaycan İdeyası

Ağadadaş Ağayevin balta ilə qovduğu mühafizəçinin məhkəməsi başlayır – BARIŞIQ OLACAQ?

Tarix:16-12-2024, 09:49
Baxış Sayı:11

Bu gün, dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin adı keçən növbəti məhkəmə prosesi başlayır.

Musavat.com xəbər verir ki, hazırkı proses üzrə müttəhim kürsüsünə “MedEra” hospitalının yerləşdiyi binanın mühafizəçisi Nurəddin Cəlilov çıxarılacaq.

Nurəddin Cəlilova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham verilib. Cinayət dosyesi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb. Məlum insidentlə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində 1 deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. İlk olaraq tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən, hakim Vüsal Tağıyevin icraatına verilən də məhz Ağadadaş Ağayevin cinayət dosyesi olub.

Bu gün baxılacaq cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova 1 dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Xalq artisti, tanınmış kinorejissor - aktyor Şeyx Əbdül Mahmudbəyov Ağadadaş Ağayevə və Nurəddin Cəlilova müraciət edərək tərəfləri barışığa çağırıb:

“Allahın bir bağışlamaq, tövbə qapısı da var. Ola bilər ki, Ağadadaş əsəbiləşib, qızışdırıblar və ya xalq artisti adına arxayın olub. Gərək belə bir hadisə olmaya idi. O, mühafizəçini balta ilə qovub, balta atıb, o da Ağadadaşın cavabını verib. Bu hadisə olmamalı idi. Olubsa, onsuz da bütün davaların sonu barışıqdır, barışsınlar. Hadisə olur, ölüm-itim baş verir. Adam da ağsaqqalları yığıb gəlir qapısına, deyir lənət şeytana, hadisədir, olub. Barışırlar, məsələ bitir. Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov