Prezident Volodimir Zelenskinin Ağ Evin yeni sahibi Donald Trampla növbəti görüşündədn sonra rəsmi Kiyev daha çox neqativ əhval-ruhiyyədədir və Ukraynanın gələcək taleyi ilə bağlı “qaranlıq dövr”ün başlandığını etiraf etmək məcburiyyətində qalıb… Çünki ABŞ-ın yardımları kəsilərsə, Ukraynanın resursları ən yaxşı halda, növbəti ilin ilk yarısına qədər Rusiya qarşısında davam gətirmək üçün yetərli ola bilər, ondan sonrası isə ABŞ və Qərbin vaxtilə “əbədi dəstək” vəd etdiyi bu ölkə üçün sadəcə, “qaranlıq tinel”dir…
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşının son mərhələyə keçmək üzrə olduğu artıq qətiyyən doğurmur. Belə ki, ABŞ və Qərbin bu savaşa yönəlik prioritetlərinin tədricən dəyişməkdə olduğu müşahidə edilir. Yəni, hazırda Ukraynaya verilən “əbədi dəstək” vədləri artıq arxa plana keçirilməkdədir. Üstəlik, son vaxtlar bu mövzunun unutdurulmasına yönəlik də cəhdlər göstərilir. Və bu baxımdan, Ukrayna bir dövlət olaraq, öz tarixinin ən qaranlıq dövrünə qədəm qoymaq üzrədir.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna savaşı ətrafında baş verənlər mənfəətçi Qərb siyasi dairələrinin riyakarlığının növbəti bariz nümunəsidir. Çünki Ukraynanı sona qədər dəstəkləmək öhdəliyi götürmüş ABŞ və Qərb indi “sürüşkən hədəflər” taktikasına keçid etməyə üstünlük verir. Yəni, Ukrayna faktiki olaraq, ABŞ və Qərb tərəfindən yarıyolda buraxılmaqdadır. Eyni zamanda, Ukraynanın Rusiya qarşısında ümumiyyətlə, təklənməsi, taleyin ümidinə buraxılması da qətiyyən istisna deyil. Və hətta Qərbin formal, yəni “sürüşkən dəstəyi” davam etsə belə, bunun Ukraynanın qeyri-müəyyən situasiyadan xilas edilməsinə təminat verilməsinə yetərli görünmür.
Məsələ ondadır ki, Qərb ölkələri Ukrayna qarşısındakı bəzi öhdəliklərindən artıq imtina etməyə başlayıblar. Belə ki, Avropa Birliyi ölkələri indiyə qədər 4,2 milyon ukraynalı qaçqını qəbul etmişdilər. İndi həmin qaçqınların yenidən Ukraynaya qaytarılması istiqamətində prosesinə start verilib. Eyni zamanda, Avropa ölkələri Ukrayna vətəndaşlarına sığınacaq verilməsini də tam şəkildə dayandırıblar. Və bu, həm Ukraynanın, həm də ukraynalıların “qoca qitə”də heç kimə lazım olduğunu göstərir.
Digər tərəfdən, ABŞ və Avropa Birliyi ölkələri bundan sonra daha öz büdcələrindən Ukraynaya maliyyə yardım paketlərinin ayrılmasından da imtina etməyə başlayıblar. Belə ki, ABŞ və Avropa Birliyinin Ukraynaya verdiyi son maliyyə dəstəyi məhz Rusiyanın üzərinə həbs qoyulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına reallaşdırılıb. Üstəlik, Ukraynaya göndərilən son ümumi 50 milyard dollarlıq maliyyə vəsaiti rəsmi Kiyevin çiyninə kredit kimi yüklənib. Və Ukrayna bu nəhəng məbləği nə vaxtsa, geri ödəməli olacaq.
Ancaq Ukrayna üçün daha təhlükəli proseslərin əhatə dairəsi yalnız bunlarla da qapanmır. Çünki ABŞ-ın yaxın vaxtlarda ümumiyyətlə, Ukraynaya dəstəyi tamamilə dayandıra biləcəyi barədə də məlumatlar mövcuddur. Əgər, bu, baş verərsə, Avropa Birliyinin də ABŞ-ın mövqeyini eynilə təkrarlamasını uzun müddət gösləməyə ehtiyac olmayacaq. Çünki hazırda Qərbdə Ukraynanın ABŞ və Avropa Birliyinin dəstəyi olmadan Rusiya qarşısında nə qədər davam gətirə biləcəyini də hesablamağa başlayıblar. Və bu, Ukraynanın taleyin ümidinə buraxılmasına hazırlıq prosesinə start verildiyini göstərir.
Təbii ki, rəsmi Kiyev Ukraynanı necə təhlükəli gözlədiyini anlamamış deyil. Ona görə də, Zelenski hakimiyyəti ciddi təlaş içərisindədir və bu qaranlıq situasiyadan optimal çıxış yolları axtarır. Belə ki, prezident Volodimir Zelenski Ağ Evin yeni sahibi Donald Trampla növbəti dəfə görüşərək, Ukraynanın gələcək taleyinə aydınlıq gətirməyə çalışıb. Və dekabrın 7-də Parisdə keçirilmiş görüşdə əsas hədəf ABŞ başda olmaqla, Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik təminatı verilməsinə cəhd göstərmək olub.
Məlumatlı mənbələrin iddialarına görə, cəmisi 35 dəqiqə çəkən Tramp-Zelenski-Makron görüşü Ukrayna üçün qətiyyən ümidverici notlarda keçməyib. Çünki Ukrayna və Fransa prezidentləri Ağ Evin yeni sahibini ABŞ-ın savaşı davam etdirməsinin vacibliyinə inandırmağa çalışsalar da, o, öz ənənəvi mövqeyini eynilə təkrarlayıb. Və ən qısa zamanda Ukrayna savaşının dayandırılmasında, Rusiya ilə sülh danışıqlarına başlanmasında israrlı olduğunu bildirib.
Maraqlıdır ki, həm Emmanuel Makron, həm də Volodimir Zelenski prezident Donald Trampa vaxtilə yaxın ünsiyyət qurduğu Kreml sahibi Vladimir Putinin artıq 2017-ci ildəkindən tamamilə fərqli bir “diktator” olduğunu izah etməyə çalışıblar. Ağ Ev sahibini mövqeyindən döndərmək üçün Kremlin bütün sülh təşəbbüslərinə olduqca sərt reaksiya verdiyi xatırladılıb. Və belə vəziyyətdə Kremldən sülh prosesində konstruktiv mövqe gösləməyin çox çətin olduğu qabardılıb.
Digər tərəfdən, Ukrayna savaşının siyasi-diplomatik yolla dayandırılmasının insanların həyatının xilas edilməsində böyük əhəmiyyət daşıdığını etitaf edən prezident V.Zelenski dayanıqlı sülh üçün Ağ Ev sahibindən Rusiya qoşunlarının ölkə ərazisindən tamamilə çıxarılmasına nail olunmasını da istəyib. Ancaq prezident Donald Tramp bunun qarşılığında Ukrayna savaşının dayandırılması barədə hərbi-siyasi təsəvvürlərini bölüşməyə qətiyyən həvəs göstərməyib. Və o da aydınlaşıb ki, Tramp administrasiyası Ukraynaya təhlükəsiz təminatının verilməsi məsələsində də dəqiq mövqeyə malik deyil.
Ona görə də, rəsmi Kiyev hazırda daha çox neqativ əhval-ruhiyyəyə daha yaxındır və Ukraynanın gələcək taleyi ilə bağlı qeyri-müəyyənliyin mövcudluğunu etiraf etmək məcburiyyətində qalıb. Rəsmi Kiyevin hesablamalarına görə, ABŞ-ın yardımları kəsilərsə, Ukraynanın resursları ən yaxşı halda, növbəti ilin ilk yarısına qədər Rusiya qarşısında davam gətirmək üçün yetərli ola bilər. Və bu, Rusiyanın həm sülh masasında, həm də savaş meydanında mövqelərini möhkəmləndirə biləcəyindən Ukraynanın fəlakət ssenarisinin işə düşmək üzrə olduğunu da göstərir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]