Azərbaycan İdeyası

Ərdoğan Suriyanı təkbaşına dizayn edir: Türkiyənin geopolitik zəfəri ABŞ, Rusiya və İranı məğlub duruma düşürdü

Tarix:9-12-2024, 09:00
Baxış Sayı:3

Ərdoğan Suriyanı təkbaşına dizayn edir: Türkiyənin geopolitik zəfəri ABŞ, Rusiya və İranı məğlub duruma düşürdü

Suriyada baş verənlər məhz prezident Rəcəb Tayyib Ərdoğanın triumfial qələbəsidir, Türkiyə lideri "geopolitik şahmat oyunu"nda ölkəsinin beynəlxalq rəqiblərinə qarşı mütləq üstünlük qazanmağı bacarıb... Rəsmi Ankara Suriyanın parçalanaraq, bölüşdürülməsi cəhdlərini bloklamaq niyyətini biruzə verir, digər tərəfdən, Türkiyə suriyalı qaçqınların geri dönərək, öz ölkələrinin yeni siyasi idarəçilik sistemində yer almasında da maraqlıdır...

"Yeni Müsavat" xəbər verir ki, Yaxın Şərqin yenidən dizayn edilməsi prosesi artıq həlledici mərhələyə keçid etmiş oldu. Bundan sonra bu regionda qüvvələr nisbətinin ciddi şəkildə dəyişəcəyi qətiyyən şübhə doğurmur. Üstəlik, Yaxın Şərqin yeni düzəni də məhz dəyişən qüvvələr nisbətinə uyğun formalaşdırılacağı da qətiyyən istisna deyil. Yəni, bu regionun yeni şərtlər altında bölüşdürülməsi qaçılmaz xarakter daşıyır. Və son vaxtlara qədər Yaxın Şərqdə daha üstün mövqelərə malik bəzi dövlətlərin bu prosesdə oyundan kənar vəziyyətə düşmə ehtimalı da mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, Əsəd rejiminin sürətli çöküşü Yaxın Şərqdə geopolitik maraqları olan bəzi dünya nəhəngləri üçün sarsıdıcı zərbə sayıla bilər. Çünki bu dövlətlər Suriyada hərbi-strateji situasiya dəyişikliyinə hazırlıqsız yaxalanmış oldular. Ona görə də, Əsəd rejiminin cəmisi bir həftə ərzində çöküşünə adekvat reaksiya verməyə imkan tapmadılar. Və nəticədə 2014-cü ildən üzü bəri ələ keçirdikləri əlverişli mövqeləri itirdilər.

Məsələ ondadır ki, Əsəd rejiminə fəal dəstək verən Rusiya və İran hazırda Suriya platsdarmında əsas istinad mexanizmindən məhrum diruma düşüb. İndi həm Kreml, həm də rəsmi Tehran Suriyanın gələcək taleyinin müəyyən edilməsi prosesini böyük ölçüdə kənardan izləmək məcburiyyətində qalacaq. Çünki Əsəd rejimi olmadan Rusiya və İranın Suriya böhranının nizamlanması prosesində siyasi iradəsi keçərli xarakter daşıya bilməz. Bu, hər iki dövlət üçün kifayət qədər ciddi geopolitik uğursuzluq sayıla bilər. Və belə vəziyyət yalnız Suriya poliqonu deyil, həm də digər strateji regionlarda cərəyan edən geopolitik proseslərə birbaşa təsir göstərə biləcək önəmli faktordur.

Digər tərəfdən, Suriyada hərbi bazaları olan ABŞ-ın mövqeyi də müəyyən mənada, müəmmalı xarakter daşıyır. Belə ki, Ağ Ev Əsəd rejiminin çöküşündə birbaşa maraqlı tərəfdir. Ancaq ABŞ bu prosesdə aktiv mövqe tutmaq əvəzinə, daha çox müşahidəçi rolunda çıxış etməyə üstünlük verdi. Böyük ehtimalla Əsəd rejimini dəstəkləyən Rusiya və İrandan fərqli olaraq, Ağ Evin Suriyada PKK/PYD terror təşkilatını himayə etməsi ABŞ-ın fəal oyunçu rolunu bloklamış oldu. Və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın "Suriyada baş verənlər bizim savaşımlz deyil, ona görə də müdaxilə etməyəcəyik" açıqlaması da bi reallığı ifadə edir.

Ancaq Suriyada yaranmış situasiya ABŞ üçün tamamilə uğursuz da sayıla bilməz. Çünki Ağ Ev iflasa uğramasında birbaşa maraqlı olduğu Əsəd rejiminin birdəfəlik çöküşündən açıq-aşkar məmnundur. Eyni zamanda, ABŞ Suriya ərazisində mövcud olan hərbi bazalarının toxunulmazlığını təmin etməyi hələlik bacarıb. Üstəlik, ABŞ-ın beynəlxalq hədəfində olan Rusiya və İran Suriyada Əsəd rejiminin çöküşü ilə öz nəzarət mexanizmlərini tamamilə itirib. Və nəhayət, Suriyada cərəyan edən daxili proseslərdə ABŞ-ın NATO üzrə müvafiqi Türkiyə əsas geopolitik iradə sahibinə çevrilib.

Türkiyə hazırda Suriyanın gələcək taleyinin müəyyən olunmasında "yol xəritəsi"ni təyin etmək hüququ qazanmış əsas geopolitik iradə sahibidir. Üstəlik, rəsmi Ankara bu istiqamətdə qətiyyətli və prinsipial addımların atılmasına hazırlaşır. Xüsusilə də, rəsmi Ankara 2014-cü ildən üzü bəri ilk dəfə olaraq, Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək şansı da qazanıb. Və Türkiyənin əlindəki bu şansdan maksimum səviyyədə istifadə edəcəyi artıq açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, Türkiyə rəsmi dairələri artıq Suriyanın gələcək taleyinə dair olduqca ciddi və önəmli mesajlar verməyə başlayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında "Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq" deməklə, rəsmi Ankaranın mövqeyinin artıq ön plana keçdiyini biruzə verib.O, bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir. H.Fidan vurğulayıb ki, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilərlər. Və Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq.

Göründüyü kimi, rəsmi Ankara beynəlxalq hüquq normalarına uyğun şərtləri ön plana çıxarmaqla, fərqli niyyətkərə düşə biləcək dövlətlərə dolayısı ilə xəbərdarlıq mesajı göndərməyə ehtiyac duyur. Prezident Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Türkiyənin nə Suriyanın, nə də hər hansı başqa ölkənin ərazilərində gözü yoxdur. Rəsmi Ankara üçün Suriyanın suverenliyi və ərazi bütövlüyü əsas hüquqi prioritetdir. Və bu, yanaşma tərzi heç bir halda, dəyişməyəcək.

Təbii ki, rəsmi Ankara ilk növbədə Suriyanın parçalanaraq, bölüşdürülməsi cəhdlərinə sərt müqavimət göstərmək niyyətini biruzə verir. Digər tərəfdən, Türkiyə Suriyaya qaçqınların geri dönüşünü prinsipial hədəfə çevirmək istəyir. Çünki hazırda Türkiyə ərazisində təxminən dörd milyona yaxın suriyalı qaçqın və bu, rəsmi Ankaranın çiynində ağır yükdür. Üstəlik, rəsmi Ankara Türkiyədən Suriyaya geri dönəcək milyonlarla qaçqının bu ölkənin yeni siyasi idarəçilik sistemində yer almasında da maraqlıdır. Və bu, Suriyanın mövcud xaosdan çıxarılmasında həlledici faktora çevrilə bilər.

Rəsmi Ankara bu "yol xəritəsi"ni reallığa çevirməyə nail olarsa, Suriya ərazisində PKK/PYD terror təşkilatının sıradan çıxarılması da asanlaşa bilər. Nəticədə Türkiyənin milli təhlükəsizliyinə qarşı daha bir təhdid qaynağı aradan qaldırılmış olar. Bütün bunlar rəsmi Ankaranın böyük geopolitik manevrlər qabiliyyətini növbəti dəfə təsdiqləmiş olur. Hər halda, Türkiyə ABŞ, Rusiya və İranın da geopolitik maraqları olan Suriyada öz strateji hədəflərini reallaşma mərhələsinə keçirə bilib. Və üstəlik, buna nail olarkən, həmin dövlətlərlə kəskin qarşıdurmalardan yayınmağı da bacarıb.

Bütün bunlar onu göstərir ki, prezident Rəcəb Tayyib Ərdoğan növbəti dəfə "geopolitik şahmat oyunu"nda rəqiblərinə qarşı mütləq üstünlük qazanıb. Suriyada baş verənlər məhz prezident Rəcəb Tayyib Ərdoğanın triumfial qələbəsidir. Ona görə də, indi Türkiyə prezidenti daha çox bu tarixi zəfərin real geopolitik nəticələrini möhkəmləndirmək hüququna da sahibdir. Və bu baxımdan, prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyənin yalnız Yaxın Şərq deyil, ümumiyyətlə, yeni dünya düzəninin formalaşdırılması prosesində yolu sonuna qədər açılmış kimi görünür.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı