Bibiheybət məscidinin axundu Hacı Mir Rahib Babayev - 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən dövlətçilik modelinin əsas istiqamətlərindən biri də yeni xarici siyasət kursu ilə bağlıdır. Həmin mürəkkəb dövrdə və gərgin geosiyasi mühitdə, ələlxüsus da Azərbaycanın ətrafında yaranmış beynəlxalq siyasi blokada və informasiya təcridi şəraitində xarici-diplomatik əlaqələri bərqərar etmək, strateji maraqları beynəlxalq səviyyədə təmin etmək, müxtəlif dövlətlərin regiondakı maraqlarını dəf etmək, ölkəmizin qarşısında bir nömrəli problem olan Ermənistan-Azərbaycan, Qarabağ məsələsinin həlli və onunla bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmaq olduqca çətin idi.
Ancaq Ulu Öndər Heydər Əliyev məharətli və qətiyyətli siyasi zəkası sayəsində üzləşdiyimiz bu blokadanı dağıdaraq gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaqla ölkəmizlə bağlı həqiqətləri dünya birliyinə çatdırmaq, hərtərəfli xarici əlaqələr qurmaq istiqamətində əsaslı dönüş yaratdı. Dahi Lider xarici siyasətin başlıca prioritetlərini müəyyənləşdirərək beynəlxalq münasibətləri qaydaya saldı, region dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı etimada əsaslanan, ölkəmizin müstəqilliyini möhkəmləndirən fəal diplomatiya yürütdü. İlk növbədə, qardaş Türkiyə ilə siyasi-iqtisadi, ictimai-humanitar əlaqələrdə əsl dostluq və qardaşlıq münasibətlərini təmin edən tamamilə yeni bir mərhələnin əsası qoyuldu. Eyni zamanda, Türk dünyası və MDB məkanında səmimi dialoq və anlaşma mühitinin yaradılması sahəsində düşünülmüş ağıllı qərarlar qəbul edildi.
Digər yaxın qonşularımız olan İran, Gürcüstan, Xəzəryanı ölkələrlə sıx təmaslar quruldu. Amerika, Avropa, Asiya, ərəb və digər müsəlman dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafını təmin edən güclü zəminlər formalaşdırıldı.
Əvvəllər Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid kursu dünya birliyində əməkdaşlıq xətti ilə əvəz olundu. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində, bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən ikitərəfli və çoxtərəfli xarici diversifikasiya arxitekturası quruldu, qlobal birliyin layiqli üzvünə çevrilməsi istiqamətində qarşısıalınmaz prinsipial mövqe nümayiş etdirildi.
Ulu Öndərin xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar, eləcə də BMT və digər beynəlxalq tribunalardan səsləndirdiyi qətiyyətli bəyanatlar, təqdim etdiyi əsaslı fakt və materiallar Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Onun unikal xarici siyasət strategiyası və fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə münasibəti kökündən dəyişdi. Keçmiş Ermənistan-Azərbaycan, Qarabağ probleminin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması dünya birliyinə tam qəbul etdirildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət bütün ölkələr tərəfindən birmənalı olaraq bəyan edildi.
1996-ci ildə Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü problemin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu, Azərbaycanın xarici siyasətində yeni mərhələ kimi yadda qaldı. BMT, ATƏT, İƏT və digər mötəbər təşkilatların qəbul etdiyi qərar və qətnamələrdə Ermənistanın təcavüzkar dövlət olması təsbit olundu.
Uğurlu xarici siyasət konsepsiyasının mühüm nailiyyətlərindən biri kimi Ümummilli Liderin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlarının beynəlxalq müstəvidə geniş təşviqi ilə bağlıdır. Bu istiqamətdə aparılan təbliğat kampaniyaları, məqsədyönlü siyasət də Ermənistanın dünya arenasında işğalçı dövlət kimi əsl simasının tanıdılmasında əhəmiyyətli rol oynadı.
Heydər Əliyevin uğurlu xarici siyasi fəaliyyəti Azərbaycanı nüfuzlu beynəlxalq və regional təşkilatların tamhüquqlu üzvünə çevirdi. BMT, ATƏT, MDB, GUAM, İƏT, QDİƏT kimi beynəlxalq təşkilatlarla yanaşı, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq genişləndi. Azərbaycan 2001-ci ildən beynəlxalq antiterror koalisiyasına qoşulmaqla terrorizmə qarşı mübarizədə öz güclü iradəsini nümayiş etdirdi.
Azərbaycanın dünyada sülh missiyasına xidmət edən təşəbbüskarlığı kimi güclü səyləri yaxın dost və strateji müttəfiqə çevrilən xarici tərəfdaşlarımızın sayının artmasına səbəb oldu. Həmçinin, Azərbaycanın nəhəng qlobal layihələrdə, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində layiqli tərəfdaşa çevrildi, Trans-Avrasiya Super İnformasiya Magistralında təşəbbüskar ölkə kimi özünü təsdiqlədi. Ümummilli Liderin əzmkar siyasəti sayəsində xarici ölkələrdə Azərbaycanın diaspor quruculuğunun əsası qoyuldu.
Heydər Əliyevin regionda sülh və əməkdaşlıq məsələlərinin genişləndirilməsi, dünya miqyaslı layihələrin, proqramların icrasına yönəlmiş təşəbbüsləri və gerçəkləşdirməyə nail olduğu planetar layihələr bütün dövlətlərlə güclü siyasi dialoq platformasının möhkəmlənməsinə dərin zəmin yaratdı.
Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycanı Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən, unikal maddi və mənəvi sərvətləri ilə qlobal təşəbbüslərə zəngin töhfələr verə bilən, beynəlxalq enerji və nəqliyyat tranzitləri ailəsində özünü layiqli və etibarlı dövlət kimi təsdiq edən respublikaya çevirdi.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]