Cavid Məmmədov - Dahi insanların, tarixi şəxsiyyətlərin böyüklüyü həm də onların sadəliyindədir, desək, heç də yanılmarıq. Ona görə o insanlar üçün böyüklük deyəndə metrik ölçüləri, yaşın çoxluğu deyil, daha çox ensiklopedik biliyə, intellektual və elitar meyarlara malik olması əsas götürülür. Məhz o meyarlar onları tarix yazan, tarix yaradan şəxsiyyətə çevirir, adına ucalıq, dühalıq gətirir. Vəfatının 21-ci ilini kədər hissi ilə, ancaq böyük ehtiram və minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev sözün bütün mənalarında dahi şəxsiyyət olub. Biz orta nəsil və yetişməkdə olan gənclər sadəcə belə bir şəxsiyyət haqqında danışılan xatirələri oxuduqca hər dəfə xoş təəssüratlar yaranır. İstənilən qələm sahibi formalaşdırdığı fikirlərini bir formada ifadə etməklə, qarşısındakı auditoriyaya çatdırmaqla o böyük insanın ölçüyəgəlməz tarixi xidmətləri qarşısında sanki vəfa borcunu yetirmiş olur.
Rəhbərliyinin istər Sovet dövrü, istərsə də müstəqillik illərində görkəmli və bacarıqlı dövlət xadiminin nümayiş etdirdiyi bir tərəfdən bilik-bacarıq, səriştə, digər tərəfdən də həssaslığı və xeyirxahlığı, anlamaq və yardımçı olmaq kimi gözəl və özəl insani keyfiyyətləri ona dünya miqyasında xalqların rəğbətini qazandırmışdır.
Nəinki Azərbaycan, ümumiyyətlə, keçmiş SSRİ tərkibində olmuş ittifaq ölkələrinə böyük töhfələr verən, başqa sözlə, unikal rəhbər kimi öz möhürünü vuran, qazandığı titullar və nailiyyətləri saymaqla bitməyən, sözü və əməli ilə xalqlara, millətlərə nümunə olan Ümummilli Lider sözün əsl mənasında o qədər böyük şəxsiyyətdir ki, Onun zəngin həyat və yaradıcılığı haqqında söz demək elə də asan məsələ deyil.
Konkret respublikamıza gəldikdə görkəmli şəxsiyyət ölkəmizdə elmə, təhsilə, mədəniyyətə əvəzolunmaz töhfələr verən rəhbər şəxs olub. Hansı ki, həmin töhfələrin faydasını indi belə görürük.
Heydər Əliyev tarixi fenomenləri xarakterizə edən bütün meyarları özündə dolğun əks etdirən müdrik bir insan olub. Ulu Öndərin üz cizgilərinə bircə dəfə baxmaq və Onun çıxışlarının, görüşlərinin arxiv videolarını izləmək yetərlidir ki, əsl tarixi şəxsiyyət və müdrik insanın necə olması haqqında təsəvvür formalaşdırasan.
Ulu Öndərin ölkəmiz, xalqımız, millətimiz adına gördüyü sayagəlməz işlərin bilavasitə iştirakçısı olmuş insanlar söhbət edirlər ki, dahi insan təkcə dövləti çətin situasiyalarda idarəetmə fəlsəfəsi ilə deyil, həm də sadəlik, təvazökarlıq, səmimiyyət, vətənpərvərlik, gələcəyə inam kimi yüksək əxlaqi keyfiyyətlərin Heydər Əliyev adlı nümunəsini yaradıb. O, elm adamı ilə alim, şair-yazıçı ilə ədəbiyyat bilicisi, musiqiçi ilə bəstəkar kimi danışıb, fikir mübadiləsi aparıb, onlara öz sahəsində necə uğurlu olmağın yollarını əxz etmiş olurdu.
Ümummilli Liderin təkrarolunmaz şəxsiyyətində müşahidə edilən ən ali keyfiyyətlərdən biri də Azərbaycan və dünya ədəbiyyatına baglı insan kimi mütaliəyə daha çox yer ayırması olmuşdur. Ulu Öndərin ən sevimli məziyyətlərindən biri ensikopedik yaddaşına çoxlu hikmətli sözlər, aforizmləri cəmləmək və onlardan müzakirə olunan məsələyə uyğun yerində işlətməklə etdiyi söhbətə əlavə mənalılıq və şirinlik gətirməsi idi. Tarixi şəxsiyyətlə bağlı arxiv videolarını izləyərkən qarşıma Azərbaycan Dövlət Akademik Dram Teatrında yenidən səhnələşdirilən “Ölülər” tamaşasının premyerasında iştirak etdikdən sonra teatr trubbası, ələlxüsus aktyorlarla söhbətini əks etdirən videokadrlar çıxdı. Təsəvvür edə bilirsiniz, Ulu Öndər Cəlil Məmmədquluzadənin ölməz əsəri olan “Ölülər”i elə ustalıqla təhlil edir ki, Ona təkrar-təkrar baxmaqdan doymaq olmur. O böyük insanın özünə, danışığına, sözünə, hər cümləsinə milyonları cəlb etməyin, cəzb etməyin sirri də bax, bundadır.
Ona görə də qəti söyləmək olar ki, sözü və əməli ilə əsl dahi olan Heydər Əliyev, eyni zamanda, xalqımıza, millətimizi tərənnüm edən özünəməxsus mənəvi keyfiyyətlərin də nadir daşıyıcılarından biri və birincisi olub. Odur ki, Heydər Əliyevin yaratdığı məfkurəni nə qədər yaşadacağıqsa, əmin ola bilərik ki, xalqımız, millətimiz, dövlətimiz bir o qədər yaşayacaq.