Əmircan bələdiyyəsinin sədri Cəmilə xanım Ağayeva - Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu layiqincə cəzalandırdı, 5 şəhər, 4 qəsəbə və 300-dək kənd işğaldan azad edildi.
Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində ağır itkilər verən Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi.
Xüsusi olaraq qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandannın müəllifi olduğu “Dəmir yumruq” ifadəsi xalqımızın milli həmrəylik simvoluna çevrilərək həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. Ekran qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan “Dəmir yumruq”un varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik.
Prezident dəfələrlə qeyd etmişdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “Dəmir yumruq” onların başını əzəcək. Cənab İlham Əliyevin istifadə etdiyi bu ifadə İkinci Qarabağ müharibəsində hərbi əməliyyat adı kimi tarixiləşdi. Ali Baş Komandan qürurla qeyd etdi ki, biz “Dəmir yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq. “Dəmir yumruq”, hər şeydən əvvəl, qətiyyət, güc və həmrəylik simvoludur.
Dünyanın ən nüfuzlu liderləri sırasında olan Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz Liderinin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi “Dəmir yumruq”un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir. Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərbi strategiyası Azərbaycana cəmi 44 günə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu Qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq Qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir.
Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi - nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi prestijinin əyani ifadəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. Qalib Lider bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeritdi, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta etdi.
Nəyi nə zaman, necə etdiyini hamıdan yaxşı bilən, qətiyyətli və qüdrətli Lider İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanı heç kim və heç nə öz haqq yolundan döndərə bilmədi. Təbii ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm Qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılması ilə əlamətdardır. Söhbət Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının uzun illər 822, 853, 874 və 884 saylı qətnamələrinin uzun illər icra olunmamasından gedir. Tarixi Zəfərimiz, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir. Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra tarixi Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, ötən il sentyabrın 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Bəli, Qarabağdakı antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. Əvvəl olduğu kimi, 2020-ci ildən başlayaraq Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. İşğalçı dövlət Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxlayırdı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı. Bunların hamısı ölkəmizin konstitusion quruluşuna zidd, dövlət suverenliyimizə təhdid idi.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri gözlənilən idi. Şanlı ordumuz xarici təzyiqlərə baxmayaraq antiterror əməliyyatları ilə Qarabağd separatizm yuvasını məhv etdi və milli suvernliyini bərpa etdi. 2023-cü ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Həmin gün cənab İlham Əliyev xalqa müraciətində bir sıra məsələlər toxunaraq lokal xarakterli antiterror tədbirlərinin zəruriliyi, qarşıya qoyulan vəzifələrin bir gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin bərpa olunmasını qeyd etmişdir. Beləliklə tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciəti və burada Azərbaycan Bayrağını ucaltması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Beləliklə, dövlət başçısı nəyi nə zaman və necə etdiyini yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi.
2023-cü ilin 8 noyabr tarixində Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Ali Baş Komandanı İlham Əliyevin ailə üzvləri ilə birlikdə həmin paradda iştirak etməsi Onun qalib Sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi.
Əldə olunan yüksək səviyyəli nəticələr, eləcə də tarixi qələbələrdən sonra Prezident İlham Əliyev 2024-cü ilin 19 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Artıq hər ilin sentyabr ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Xalqın həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı zəfərlər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Son olaraq qeyd edək ki, xalqımız bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]