Azərbaycan İdeyası

Eldar Quliyev: “Növbədənkənar Parlament seçkiləri milli maraqlarımız baxımından müstəsna siyasi əhəmiyyət kəsb etməklə, Azərbaycandakı sabitliyin və inkişafın daha bir nümayişi oldu”

Tarix:11-09-2024, 09:47
Baxış Sayı:1

Eldar Quliyev: “Növbədənkənar Parlament seçkiləri milli maraqlarımız baxımından müstəsna siyasi əhəmiyyət kəsb etməklə, Azərbaycandakı sabitliyin və inkişafın daha bir nümayişi oldu”

ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Azərbaycanda keçirilmiş Parlament seçkiləri, ölkəmizdə COP29-la bağlı aparılan hazırlıq işləri, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, bilirik ki, bu gün Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətləri ən yüksək səviyyədə sürətlə inkişaf etdirilməsi də prioritet istiqamətlərdən biridir.Bu baxımdan Prezident İlham Əliyevin avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı ilə bağlı nə deyə bilərsiniz?

- İlk növbədə qeyd edim ki, bu səfər Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Sammitində ilk iştirakı deyildi. Belə ki, keçən il dövlətimizin başçısı Tacikistan Prezidentinin dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişdi. Cənab Prezident İlham Əliyevin Astana Sammitində etdiyi çıxışda qeyd olunduğu kimi, Azərbaycanın bu görüşlərə davamlı olaraq dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Son iki ildə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə artıq 17 dəfə səfər etmişdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçıları da Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Məlumdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Ölkələrimizin otuz ildən artıq müddət ərzində müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyət göstərmələri, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi göstəriciləridir.

- Mən növbəti sualımda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri mövzusuna təkrar qayıdacağam. Amma bundan əvvəl istərdim ki, ölkəmizin digər bir müttəfiqi, şimal qonşumuz Rusiya ilə əlaqələri barədə fikirlərinizi alım. Necə bilirsiniz, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana etdiyi dövlət səfəri bu əlaqələrin daha sürətli inkişafına nə dərəcədə təsir edəcək?

- Bugünkü gündə istər dünyada, istərsə də Azərbaycanın mövcud olduğu regionda kifayət qədər mürəkkəb bir vəziyyətin formalaşdığı, dünyanın ən böyük güc mərkəzlərinin maraqlarının bir-birilə ziddiyətə girdiyi bir dövrdə Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə müstəqil xarici siyasət yürüdür və bu siyasətin əsasında ölkənin milli maraqları durur. Əlbəttə ki, bu siyasətin prioritet istiqamətlərindən biri də dost qonşu ölkələrlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsidir. Bu baxımdan 2022-ci ildə “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da ilk növbədə dövlət başçımızın həyata keçirdiyi uzaqgörən və çox incə siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında da münasibətlərin kifayət qədər qədim tarixi kökləri mövcuddur və bu münasibətlərdə Azərbaycan şimal qonşusuna qarşı loyallığını hər zaman nümayiş etdirib. Bu gün də Azərbaycan rus xalqına, ölkəmizdə yaşayan rus millətinin on minlərlə nümayəndəsinə qarşı dostluq münasibətlərini qoruyub saxlayır. Bu insanlar Azərbaycanda tam təhlükəsiz şəraitdə, bütün hüquq və imtiyazlradan digər millətlərin nümayəndələri ilə eyni dərəcədə yararlanaraq, azad yaşayırlar. Hesab edirəm ki, Rusiya Prezidentinin Azərbaycana etdiyi dövlət səfəri də ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

- Düşünürəm, mənimlə razılaşarsınız ki, Azərbaycan-Rusiya münasibətləri eyni zamanda bütün regionda sülhün və sabitliyin qorunması baxımından da böyük önəm kəsb edir...

- Tamamilə sizinlə razıyam. Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. Bu isə o deməkdir ki, bu sabitliyin qorunması üçün Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmləndirilməlidir. Rusiyanın dövlət başçısı Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə edərək, aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Bu fikirlər öz təsdiqini cənab Prezident İlham Əliyevin çıxışında da tapmışdır. Dövlətimizin başçısı birmənalı olaraq bildirmişdir ki, Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda da cənab Prezident Azərbaycan və Rusiyanın müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərdiyini vurğulamış və bildirmişdir ki, bu münasibətlər ümumilikdə Cənubi Qafqazda sabitliyin qorunub-saxlanması üçün ən mühüm amillərdən biri kimi çıxış edir.

- Eldar müəllim, qayıdaq Azərbaycanın Mərkəzi Asiya ölkələri və Türk dövlətləri ilə münasibətləri mövzusuna. Məlum olduğu kimi, avqust ayında Azərbaycan ilə Özbəkistan da öz müansibətlərini artıq müttəfiqlik səviyyəsinə yüksəltdilər. Bu barədə hansı fikirlərinizi paylaşmaq istərdiniz?

- Azərbaycanın Türk dövlətləri ilə dostluq və əməkdaşlıq əlaqələri istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda davamlı şəkildə genişlənir və inkişaf edir. Bu baxımdan Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb etməyə bilməz. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev Şavkat Mirziyoyevin keçən il yenidən Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsini qardaşlıq və dostluğun göstəricisi kimi qeyd etmişdi. Əlbəttə ki, dövlət başçımızın cari ilin 22 avqust tarixində Özbəkistana etdiyi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfələr verəcək. Xatırladaq ki, hələ 2022-ci ildə Azərbaycan və Özbəkistan arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanmışdı. Məhz həmin tarixi sənəd bu istiqamətdə son iki illik fəaliyyətin əsas yol xəritəsi rolunu oynayırdı. Keçən il Azərbaycan və Özbəkistan Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, aparılan danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərin inkişafının gələcəyi müəyyən edilmişdi. O cümlədən ölkələrimiz arasında imzalanan Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd də münasibətlərin yüksək səviyyəsinin göstəricisi idi. Bütün bu proseslər nəticə etibarı ilə bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin artıq ən yüksək mərhələyə keçidini təmin etdi. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması ilə Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bu məqamı xüsusi vurğuladı. Dövlətimizin başçısı bildirib ki, artıq ölkələrimiz rəsmən müttəfiqlər oldular və bu, həqiqətən də tarixi məqamdır.

(ardı var...)
Söhbətləşdi: Azər Məmmədov

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Peşəkarlıq və İdarəçilikdə Nümunəvi Bir Şəxsiyyət
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Sahil Tağıyev: Sağlamlığın Bərpası və Mükəmməl Tibbi Xidmətin Lideri
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
Daha bir şəxsin bank kartından 50 min oğurlandı - DİN-dən çağırış
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Azərabaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
Şuşaya daha 49 ailə yola salındı
Şuşaya daha 49 ailə yola salındı