Nərimanov rayon MKTB-nin rəisi,
Manaf Manafov
Prezident İlham Əliyevin sentyabrın 4-də İtaliyaya işgüzar səfəri dünya mediasında geniş işıqlandırılıb. Hər bir səfər keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Belə ki, İtaliya ilə qarşılıqlı faydalı münasibətlər ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Bu səfər 2020-ci ildən bugünədək cənab İlham Əliyevin İtaliyaya sayca üçüncü səfəridir. Qarşılıqlı səfərlər münasibətlərin dinamikasını nümayiş etdirir.
Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri əlaqələrimizin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başlayıb. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı, eləcə də bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir. İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər.
Son səfəri zamanı Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında əsaslı şəkildə iki ölkənin strateji tərəfdaşlığını diqqətə çatdırıb. Bildirib ki, səfər zamanı keçirilən görüşlər və müzakirələr bir daha ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq edir. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Əməkdaşlığımız bir çox sahəni əhatə edir.
İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 16 milyard dollara yaxın olub. Hər iki ölkə artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görür. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da əməkdaşlığımızın daha da möhkəmləndirilməsində vacib amillərdən biridir. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda Azərbaycandan qaz alan 10 ölkənin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ÜmumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
İtaliya işgüzar dairələri, həmçinin Azərbaycana böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, ölkəmizdə 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərir. Təbii ki, bu, ölkəmizdə normal investisiya mühitinin yaradılması ilə bağlıdır. Azərbaycanın sabitlik diyarı, dayanıqlı iqtisadi inkişafa malik ölkə kimi nüfuz qazanması əlaqələrin inkişafında, eyni zamanda, böyük investisiyalar məkanına çevrilməsində stimulverici amildir. Ümumilikdə ölkəmiz əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlıdır və bunun üçün zəruri olan imkanlar mövcuddur. Nəzərə alaq ki, ölkəmiz təkmil inkişaf modeli ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycanın neft gəlirlərinin idarə edilməsində şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasına xüsusi diqqət göstərməsi qeyri-neft sektorunun inkişafını şərtləndirir.
Ötən ilin fevral ayında Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir: “Bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”.
Onu da qeyd edək ki, bu ilin may ayında İtaliya Senatında təşkil olunan “Azərbaycan, İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi” mövzusunda Forum ölkələrarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından da əhəmiyyətli hadisədir.
Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim ölkələri, xalqları bir araya gətirən, onları birləşdirən körpü rolunu oynayır. Yeni əlaqələrin qurulması bu körpünü daha da möhkəmləndirir. Tarixi zəfərlərin reallıqları fonunda səsləndirilən çağırışlar sırasında yeni əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu amillər bir daha təsdiq edir ki, dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]